AZ

Paşinyanı çətin seçim gözləyir: “Ya Konstitusiya dəyişəcək, ya da sülh dayanacaq”

Cənubi Qafqazda son aylarda baş verən geosiyasi dəyişikliklər Ermənistanı yeni siyasi reallıqla üz-üzə qoyub. Regionda sülh gündəliyinin irəliləməsi yalnız Azərbaycanın deyil, həm də Ermənistanın gələcək təhlükəsizliyinin və iqtisadi açılım imkanlarının əsas şərti kimi çıxış edir. Xüsusilə nəqliyyat-kommunikasiya xətlərinin açılması, Türkiyə ilə münasibətlərin normallaşdırılması və regional layihələrə qoşulmaq perspektivi İrəvan üçün strateji əhəmiyyət daşıyır. Bu isə birbaşa yekun sülh sazişinin imzalanmasından asılıdır. Prosesi ləngidən fundamental məsələlər isə hələ də Ermənistanın daxili siyasi gündəmində kəskin müzakirə predmetidir. Mövcud vəziyyət fonunda ekspertlər hesab edirlər ki, sülh sənədinin imzalanmasına ən çox ehtiyac duyan tərəf məhz Ermənistanın özüdür.

Beynəlxalq münasibətlər üzrə politoloq Elçin Xalidbəyli Editor.az-a açıqlamasında bildirib ki, hazırkı mərhələdə yekun sülh sazişi Azərbaycan üçün zəruri olsa da, bundan daha çox Ermənistanın həyati maraqlarına xidmət edir.

Ekspertin sözlərinə görə, Bakı sənəd imzalanmadan regiondakı nəqliyyat və kommunikasiya xətlərinin açılmasına razılıq vermək niyyətində deyil:

“Əlbəttə, müəyyən məqamlarda qısamüddətli texniki istisnalar mümkündür. Lakin ümumi prinsip dəyişməzdir: sülh sazişi olmadan genişmiqyaslı açılımlar gündəmə gəlməyəcək. Bu səbəbdən rəsmi İrəvan həm Azərbaycan, həm də Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün sənədin imzalanmasına məcburdur”.

Politoloq xatırladıb ki, Azərbaycan tərəfinin iki əsas şərtindən biri, ATƏT-in Minsk Qrupunun ləğvi artıq reallaşıb. Bakı və İrəvanın ortaq müraciəti əsasında qurum rəsmən fəaliyyətini dayandırıb. Onun sözlərinə görə, prosesin irəliləməsi üçün ikinci şərt Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması hələ gündəmdədir:

“Paşinyan hakimiyyətinin nümayəndələri yeni Konstitusiya layihəsinin mart ayında hazır olacağını bildiriblər. Lakin bu sənədin ümumxalq referendumuna çıxarılması, böyük ehtimalla, növbəti parlament seçkilərindən sonraya saxlanılacaq. Çünki indiki gərgin şəraitdə Konstitusiya dəyişikliyi Paşinyan komandasına siyasi risk yarada bilər və seçici dəstəyinin Rusiyaya yaxın dairələrə yönəlməsinə səbəb ola bilər”.

Ekspert hesab edir ki, Paşinyan hökuməti parlament seçkilərində üstünlük əldə etdiyi halda gələn ilin sonuna doğru Konstitusiya islahatlarına start verə bilər:

“Konstitusiya dəyişikliyi baş tutduqdan sonra Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün faktiki maneə qalmayacaq. Bu isə həm Azərbaycan–Ermənistan münasibətlərinin, həm də Ermənistan–Türkiyə dialoqunun normallaşmasına yol açacaq. Ona görə də bu gün sülh sazişində maraqlı olan ilk növbədə elə Ermənistanın özüdür. Böyük ehtimalla bütün proses gələn ilin sonlarınadək tamamlanacaq”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
15
editor.az

1Mənbələr