AZ

Ailədə uşaqlar arasında qısqanclığın səbəbləri nədir?- AÇIQLAMA

"Valideynlərin çoxuşaqlı ailədə övladlara fərqli yanaşması uşaqların özünəinamını və emosional inkişafını birbaşa zəiflədir. İlk uşağa təcrübəsizlik səbəbindən həddindən artıq diqqət göstərilir və bu, onun üzərinə artıq psixoloji yük qoyur. Son uşağa valideynin özünə güvəni artdığı üçün daha rahat yanaşılır. Bu da uşağın ərköyün davranışlar göstərməsinə və məsuliyyəti dərk etməməsinə gətirib çıxara bilər. Qız və oğlan övladlarına münasibətdə rol bölgüsünün fərqli olması uşağın ailə daxilindəki yerini anlamasını çətinləşdirir. Bu fərqliliklər qardaş bacılar arasında rəqabəti gücləndirir və hər bir uşaq özünü qorumaq üçün emosional müdafiə davranışları yaradır. Əgər valideynlər arasında münasibət sabit və hörmətə əsaslanırsa, bu uşaqlar üçün psixoloji dayaq olur. Əgər münasibət sabit deyilsə, uşaqlar bu gərginliyi üzərlərində daşıyır və inkişaf prosesinə də aparırlar".

Bu fikirləri klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Missiya.Az-a deyib.

"Uşaqlar arasında rəqabət və qısqanclıq valideynin gündəlik davranışlarından formalaşır. Ədalət pozulanda uşaq özünü kənara atılmış və dəyərsiz hiss edir. Buna görə valideyn ilk növbədə öz münasibətini dürüst şəkildə qiymətləndirməlidir. Səhv etdiyini etiraf etməkdən çəkinməmək vacibdir. Söz ilə əməl üst-üstə düşməlidir, əks halda heç bir tərbiyə modeli işləmir. Uşağa reallığa uyğun olmayan təriflər vermək doğru deyil. Onu süni şəkildə ən yaxşı göstərmək lazım deyil. Uşaq öz bacarıqlarını inkişaf etdirməli və özünün əvvəlki nəticələri ilə müqayisə olunmalıdır. Bu, sağlam rəqabəti formalaşdıran yeganə yoldur. Ailədə davamlı dialoq olmalıdır. Valideyn övladı ilə səmimi olmalıdır, lakin dost roluna keçməməlidir. Səmimiyyət və sərhədsizlik eyni şey deyil. Qadağalar izahsız qoyulmamalıdır. Hər qaydanın səbəbi aydın şəkildə izah edilməlidir ki, uşaq tərbiyəni təkcə itaət kimi yox, sosial məsuliyyət kimi qəbul etsin",-psixoloq qeyd edib.

Rövşən Nəcəflinin sözlərinə görə, ailədə sabit və dəyişməyən qaydalar olmalıdır. Uşaq öz yerini, dəyərini və valideyn münasibətinin ardıcıllığını hiss etdikdə daxili gərginlik azalır və emosional təhlükəsizlik formalaşır:

"Uşaq valideynin fərq qoyduğunu hiss etdiyi anda daxildə gərginlik və özünüdəyər itkisi formalaşır. Bu vəziyyət aqressiv davranışa qədər gedib çıxa bilər. Bu səbəbdən ailədə açıq, aydın və davamlı dialoq olmalıdır. Tərbiyə ailədaxili yazılmamış qaydalar sistemidir və uşağın başqaları ilə yaşamağı, öz davranışının nəticəsini anlaması ilə bağlıdır. Əgər valideyn bu sistemi doğru qurmasa, uşaq öz yerini və dəyərini sual altına alır. Bu isə aqressiya, qapanma və emosional sabitliyin pozulmasına gətirib çıxarır",- R. Nəcəfli əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
51
missiya.az

1Mənbələr