AZ

Azıx və Tağlar mağaralarında iki abidə aşkarlanıb, gələn il nəticələri açıqlanacaq

“Azıx və Tağlar mağaralarında Paleolit dövrünə aid iki abidə aşkarlanıb. Gələn ilin ikinci yarısında bu iki abidənin nəticələri açıqlanacaq”.

Bunu açıqlamasında AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev bildirib.

Onun sözlərinə görə, Azıx və Tağlar abidələri beynəlxalq əhəmiyyətli abidələr olduğu üçün tədqiqat prosesində beynəlxalq tərkibli ekspedisiyalar fəaliyyət göstərir: “Bu ekspedisiyalar Azərbaycan, Almaniya, Yaponiya və Danimarka mütəxəssisləri ilə birlikdə aparılır. Ekspedisiyalara Azərbaycan Arxeologiya və Antropologiya İnstitutunun arxeoloqları rəhbərlik edir. Yəni həm yerli, həm də xarici mütəxəssislər ekspedisiyalarda birgə çalışırlar. Ümumilikdə, bu heyət 50 nəfər tədqiqatçını əhatə edir. Onların yarısı azərbaycanlı, yarısı isə əcnəbidir. Bu ekspedisiyalar uzunmüddətli danışıqlarla, həmin abidələrdə Azərbaycan mütəxəssisləri ilə işləyə bilən, Azərbaycan mədəniyyətini dərindən bilən elmi mərkəzlərlə birgə təşkil edilir. Bundan əlavə, ekspedisiyalara Azərbaycan universitetlərinin və xarici universitetlərin müvafiq fakültələrindən tələbələr də cəlb olunur”.

Fərhad Quliyev bildirib ki, Azıx və Tağlar abidələrinin öyrənilməsində əsas vacib element tapılan hər bir nümunənin tam şəkildə laborator analizlərdən keçməsidir: “Bu analizlər Qərb ölkələrinin tanınmış optik stimullaşdırılmış lüminessens (OSL) analizləri (yaş təyin edən) laboratoriyalarında aparılır. Laborator analizlərin nəticələri müəyyən vaxt tələb edir. Çünki söhbət 1 milyon 800 min il yaşı olan abidələrdən gedir və tapıntıların mahiyyətinin dəqiq öyrənilməsi üçün vaxt lazımdır. Bu analizlər bir neçə mərhələdə aparılır və nəticələr bizə elan olunduqdan sonra birgə şəkildə nəşr olunur”.

Seçilən
18
8
aznews.az

9Mənbələr