AZ

Ərazisi kiçik, amma addımları iri olan Azərbaycanın sirri - ŞƏRH

Bakı, 11 dekabr, AZƏRTAC

Bütün dünya diqqətlə izləyir. Ərazisi kiçik, amma addımları iri olan bu ölkənin sirri nədir? Cəmi 44 günə Ermənistan üzərində Qələbə qazanaraq işğala son qoydu, xaraba qalmış şəhər və kəndlərini yenidən qurdu, hava limanları inşa etdi, yeni avtomobil və dəmir yolları çəkdi. Bu ölkənin lideri Avropada, Asiyada və Amerikada hörmətlə qarşılanır. İndi gəlin, bu sirli addımların şifrələrini açaq. Cəmi bir neçə il əvvəlki vəziyyətə nəzər salaq. Avropa İttifaqı Azərbaycanla münasibətlərdə qərəzli idi, Brüssel daim rəsmi Bakını nələrdəsə ittiham edirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Arazxan Balayev bildirib.

O qeyd edib ki, Vaşinqtonla əlaqələrdə ən gərgin dövrlərdən biri yaşanırdı: “Çin və Mərkəzi Asiya ölkələri isə Azərbaycanla münasibətlərə prioritet kimi baxmırdı. Yaranmış bu gərgin münasibətlər düyününü çözmək üçün ilk şifrə diplomatik addımları səbirlə davam etdirmək idi. Misal üçün, Avropa İttifaqı ölkələrinin Azərbaycana qarşı münasibətinin necə dəyişdiyinə diqqət edək. Prezident İlham Əliyev Brüsseldə verilən qərəzli qərarların heç də bütün ittifaq ölkələri tərəfindən dəstəklənmədiyini anlayırdı. Beləliklə, həmin ölkələr müəyyənləşdirildi və səbirlə ikitərəfli münasibətlərin inkişafı üçün addımlar atıldı. Bu siyasət qısa müddətdə Avropa İttifaqı ölkələrinin əksəriyyəti ilə yüksəksəviyyəli əlaqələrin qurulması ilə nəticələndi. İtaliya, Macarıstan, Serbiya, Slovakiya və digərlərinin adlarını çəkə bilərik. Düzdür, yenə də Avropa İttifaqında Azərbaycanı sevməyən və hələ də qərəzli mövqedə qalan qüvvələr var, amma bu meyillər əvvəlki qədər güclü deyil.

İkinci istiqamət olaraq ABŞ ilə münasibətlərə nəzər yetirsək, bir il ərzində nə qədər irəliləyiş əldə olunduğunu görə bilərik. ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə hörmətlə yanaşır və öz çıxışlarında tez-tez Azərbaycan Prezidentinə istinad edir. Ermənistanla sülh sazişinin paraflanması və Zəngəzur dəhlizinin açılması barədə razılığın Vaşinqtonda əldə olunması atılan düzgün və səbirli addımların növbəti nəticəsi idi. İndi Bakı ilə Vaşinqton münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldəcək sənəd üzərində işləyir”.

Çin və Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafına gəlincə ekspert bildirib ki, bu istiqamətdə də reallıqları Azərbaycan özü yaratdı: “Əvvəlcə bir suala cavab tapaq. Necə oldu ki, Azərbaycanla münasibətlər bu region üçün prioritet oldu? Rusiya və Ukrayna arasında davam edən müharibə şimal istiqamətində ticarəti mümkünsüz etdi. Cənubda isə İran, İraq, Suriya, Yəmən və digər gərgin ərazilər yükdaşımalara təhlükə yaradırdı. Belə bir vəziyyətdə ən təhlükəsiz region Cənubi Qafqaz və Mərkəzi Asiya idi. Bu vəziyyətdə Azərbaycan Prezidenti gərgin münasibətlər düyününü çözmək üçün istifadə etdiyi daha bir şifrəni işə saldı. Bu Azərbaycanın etibarlı tərəfdaş imici idi. Bu şifrə Aİ və ABŞ ilə münasibətlərin normallaşmasında da rol oynamışdı. Çünki Azərbaycan öz tərəfdaşlarına ön şərt irəli sürmədən əməkdaşlıq təklif edir. Həm qazanır, həm də qazandırır. Çin məhsullarının Avropa bazarlarına etibarlı şəkildə çatdırılmasını da Azərbaycan öz üzərinə götürə biləcəyini bəyan etdi. Nəzərə almaq lazımdır ki, Azərbaycan bunun üçün alternativi olmayan yeganə ölkədir. Xəzərin şərqində beş ölkə bu layihənin yükünü götürməyə iddialıdır. Xəzərin qərbində isə Azərbaycan bu yükləri tək qəbul edib Avropaya göndərəmək imkanına malikdir. İndi Çinin Avropa İttifaqı ilə ticarət dövriyyəsi Azərbaycandan asılıdır. Azərbaycan isə bu imkanından təhdid vasitəsi kimi yox, dost və tərəfdaş ölkələrin qazanması üçün istifadə edir. Təbii ki, burada Azərbaycanın da maraqları ön plandadır”.

Ekspertin fikrincə, nəticə olaraq Azərbaycan Prezidenti səbirli siyasəti ilə anti-Azərbaycan blokunu dağıtdı. İkitərəfli münasibətləri inkişaf etdirməklə nə qədər etibarlı tərəfdaş olduğunu sübut etdi. Birtərəfli qaydada qazanc güdməyərək, dost və tərəfdaş ölkələrin də qazanmasına şərait yaratdı. Bütün bunlar isə ərazisi kiçik, amma addımları iri olan Azərbaycanın sirridir.

 

Seçilən
46
azertag.az

1Mənbələr