Bakıda tanışının dializ xəstəsi olan arvadına öz böyrəyini verəcəyini bildirən şəxs qarşı tərəfdən bu məqsədlə xeyli miqdarda pul alıb, amma sonda əməliyyat baş tutmayıb.
Publika.az "Teleqraf"a istinadən xəbər verir ki, pulu verən Eldar Əhmədov Nadir Behbudovu (ad-soyadlar şərtidir) dələduzluqda ittiham edib və rəsmi orqanlara şikayət edib.
Məlum olub ki, 1977-ci il təvəllüdlü Nadir Behbudov tanışı Eldar Əhmədovun xanımının dializ xəstəsi olduğunu öyrəndikdən sonra böyrəyini qadına təmənnasız olaraq verə biləcəyini deyib.
Nərimanov Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ittihamları qəbul etməyib:
"Könüllü olaraq, heç bir təmənna güdmədən donor olmaq üçün razılıq verdim. Sadəcə, Səhiyyə Nazirliyinin Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyasının mənfi rəyindən sonra əməliyyat baş tutmadı. Böyrəyimi verməyi notariat şəhadətnaməsi ilə də təsdiq etmişdim. Pulları isə şəxsi ehtiyaclarıma xərcləmişəm".