Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Bridge” media və məzmun sənayesi sammiti çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Birləşmiş Ərəb Əmirliklərinin Milli Media Bürosunun və Media Şurasının sədri Şeyx Abdulla bin Məhəmməd bin Butti Al Hamed arasında görüş keçirilib.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında media və kommunikasiya sahəsində əməkdaşlığın mövcud vəziyyətinə toxunaraq informasiya və təcrübə mübadiləsinin genişləndirilməsinin, media subyektləri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini qeyd edib. O, sözügedən institusional tərəfdaşlığın gələcəkdə ortaq layihələrin icrasına zəmin yaradacağını və birgə fəaliyyətin səmərəliliyini artıracağını diqqətə çatdırıb.