Tbilisi, 11 dekabr, AZƏRTAC
Cənubi Qafqazda dayanıqlı enerjinin inkişafı üçün ən vacib şərt qaz və elektrik enerjisi bazarlarının inteqrasiyasıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin Ətraf mühit və təbii sərvətlər komitəsinin sədri Maia Bitadze Avropa İttifaqının Enerji Birliyinin toplantısında söyləyib.
Onun sözlərinə görə, Gürcüstan Milli Enerji və İqlim Planı (NECP) hazırlayıb və MRV (Monitorinq, Hesabat və Yoxlama) sisteminin hazırlanmasına başlayıb. Parlament bu sistemin tətbiqi üçün zəruri olan qanunvericilik düzəlişlərini bu il birinci oxunuşda qəbul edəcək. Bundan əlavə, emissiya ticarət sistemini tətbiq edəcək və iqlim neytrallığına doğru strateji istiqamətimizi müəyyən edəcək. Bu məqsədlə “İqlim Dəyişikliyi Haqqında” qanun layihəsi üzərində iş başa çatmaq üzrədir. Qeyd olunub ki, regionda etibarlı və müasir enerji sistemi yaratmaq üçün qonşular və strateji tərəfdaşlarla əməkdaşlıq davam etdirilir.
"Bu baxımdan, Qara dəniz sualtı kabel layihəsi Avropanın və Cənubi Qafqaz regionunun enerji təhlükəsizliyinin gücləndirilməsinə və Orta Dəhliz vasitəsilə tranzit imkanlarının artırılmasına töhfə verəcək. Qeyd etmək lazımdır ki, Qara dəniz sualtı kabel layihəsi artıq Avropa İttifaqı tərəfindən Gürcüstanın Enerji Birliyinin sədri statusu çərçivəsində Qarşılıqlı Maraq Layihəsi (PMI) kimi tanınıb”, - deyə Maia Bitadze bildirib.
Qeyd edək ki, toplantıda Avropa İttifaqının Enerji Birliyinə sədrlik Gürcüstana keçib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi