Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, COVID-19-dan sağalan insanların təxminən 6%-i uzunmüddətli simptomlar yaşamağa davam edir.
"Unikal" xəbər verir ki, bunu ÜST-ün səhiyyə fövqəladə hallarına cavab şöbəsinin rəhbəri Abdirahman Mahmud Cenevrədə keçirilən brifinqdə bildirib.
"100 nəfərdən altısı hələ də infeksiyanın yüngül yorğunluqdan yaddaş pozğunluğuna və "beyin dumanlanmasıı"na qədər davam edən nəticələrini yaşayır", - deyə Mahmud qeyd edib.
O, mövcud tədqiqatların koronavirus peyvəndi ilə yaddaş pozğunluğu kimi simptomlar arasında əlaqə tapmadığını vurğulayıb. Onun sözlərinə görə, bu cür təzahürlər peyvəndlərdən deyil, infeksiyanın özündən qaynaqlanır.
ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus da peyvəndin bu cür nəticələrlə əlaqələndirilməsi cəhdləri ilə bağlı çaşqınlıqlarını ifadə edərək, COVID-19-un artıq pik həddə çatmasa da, yayılmağa, mutasiyaya uğramağa və risk qrupuna daxil olan qruplar üçün ciddi təhlükə yaratmağa davam etdiyini xatırladıb.
O, ÜST-ün koronavirus təhlükələrinə - COVID-19, MERS və potensial gələcək koronaviruslara qarşı mübarizə aparmaq üçün yeni strateji plan təqdim etdiyini açıqlayıb. Qebreyesus sənədin koronavirus xəstəliklərinin təcili reaksiya rejimindən uzunmüddətli sistemli idarə olunmasına keçidi qeyd etdiyini söyləyib.