AZ

SEYİD CƏFƏR PİŞƏVƏRİ -  (21 Azər hərəkatı - 80)

No

Turan Uğur
AYB – nin üzvü

Azərbaycan Demokratik Firqəsinin sədri, Azərbaycan Milli Hökumətinin rəhbəri, jurnalist, publisist, ictimai xadim Seyid Cəfər Pişəvərinin ruhuna sonsuz sayğılarla!

“Pişəvəri müəmması” portret-esseni
21 Azər hərəkatının 80 illiyinə - babam İsmayıl
Paydar-Dəryaninin və fədailərimizin uca ruhlarına ithaf edirəm)

PİŞƏVƏRİ MÜƏMMASI

Atamdan eşitmişdim, atam da babam İsmayıldan eşitdiklərini söyləyirdi.Deyirdi ki, Milli hökumət süqut eləyəndə dara çəkilənlər, təndirə atılanlar, ayağına nal vurulanlar, sürgün edilənlərlə yanaşı bu taya qaçanların da sayı on minlərlə idi.1946-cı ilin soyuqlu, sazaqlı 12 dekabr gecəsində faytonda bir qadın və qayınanası Təbrizi təcili tərk etməli olurlar.Əvvəlcə Təbrizdə məscidlərin birinə sığınan bu fədai ailəsi çox keçmədən anlayırlar ki, Məhəmməd Rza şahın cəlladları Allah, peyğəmbər tanımır, əgər filfövr qaçmasalar hamısnı qırıb-çatacaqlar.Ona görə də gecənin ənginliyində Təbrizi tərk etməyə məcbur olurlar. Faytonçu yol boyu 5 dəqiqədən bir faytondan düşər sonra yenidən yolçuluğuna davam edərmiş.
Həmin əsnadabu qadınların ürəyi armud saplağı kimi üzülərmiş “yəqin bizi də təhvil verirlər Şah adamlarına” deyə. Bu hal bir neçə dəfə təkrar olunanda qadınlardan biri dözmür, yerindən dillənir:
“Daha ürəyimiz üzüldü, ay oğul, sən beş dəqiqədən bir niyə düşürsən?
-Ay xanım, yer doludur ölənlərin nəşi ilə, at hürkür, yolu keçə bilmir, buzlu meyitlər yerə yapışıb, düşüb onları kənara çəkirəm ki, rahat gedə bilək”

Sonralar buna bənzər epizodları başqa fədailərdən də eşidəcəkdim. Bu məşum səhnə uşaqlığımın cır, mənhus səsi ilə bu saat qulaqlarımın pərdəsini dəlir, ürəyimi ağrıdır, qəlbimi sızladır.Bu kədərli səhnənin daha neçəsini sadalamaq da olar. Ürəyimdə günaşırı qövr eyləyən belə yaraların ən acısı, ən ağrılısı, ən naçarı, eyni zamanda ən şərəflisi Seyid Cəfər Pişəvərinın adı və andı ilə bağlıdır.Pişəvəri müəmması – ”səhv” ləri , “düz” ləri ilə bu müəmmanı çözmək hər bir həmşərinin, hər bir fədai ailəsinin gündəlik rutinləri sırasında öncül yerlərdən birini tutursa, deməli, 21 Azərin böyük övladının həyatına boylanamağın yeridir.O and ki, əllərini göyə açmaq yox, qollarını güneyə-quzeyə uzatmaqla, bütün yurdumuzun ellərini, obalarını qucmaqla gerçəkləşər, həmin andın sətirlərinə qoşulub ərşə bülənd olmağa, göyə pərvazlanmağa dəyər!

Lap çocuqluqdan evimizdə Pişəvərinin ismi ən çox duyduğum adlardandır - desəm, əsla yanılmaram.Amma hələ körpə ikən eşitdiyim bu adın səslənişində fərəhlə yanaşı, kədər də sezilirdi.Atamın dodaqlarından çıxan Pişəvəri sözünün hər səslənişi bir elegiya - hüznlü şərqi kimi oxunardı; avazı, ritmi, havası yerində, qüssəsi, kədəri də maşallah “n” qədər.Yeniyetmə çağlarda isə ən çox Pişəvərinin faciəvi ölümü -onun Yevlax-Gəncə yolunun 14km - liyində qəzaya salınması haqqında, xəstəxanada öldürülməsi barəsində və.s kimi gerçək –şayiə burulğanının qatar-qatar axını ilə toqquşardım. Yeniyetmə çağlarımdan beynimdə “qaynar qazan” - a dönmüş bu fikir eşalonunun bugün də tam aydınlığa çıxmaması Pişəvəri faciəsinin, Pişəvəri müəmmasının əsl mahiyyətindən doğur.
”İnsan gedər, əsər qalar” - deyən ulularımızın sən demə, bizə bu sayaq mübhəm “ərməğan” ları da varmış.Məhz buna görə Pişəvəri tilsiminin üzərindən qalxmayan bu ölüm pərdəsinin rəngi həmişə siyah görünür.Gözlərimiz qapqara görünən bu pərdənin aydınlanması naminə görmə qabiliyyətindən, öz ziyasından pay verməyincə Seyid Cəfərin həyat finalı bizə yeni faciələrin başlanğıcı olacaq.Təbriz türk ruhunu, türk havasını doya-doya canına hopdura, könlünə sindirə bilməyəcəksə, istiqlal havasına oynamaycaqsa, Pişəvərinin həyat faciəsi ömrümüzdə hələ əsrlər boyu davam etməyə niyyətli olacaq.Görünən budur, bəs doğulan kimdir?
-Seyid Cəfər Mir Cavad oğlu Cavadzadə.Hicri 1313-cü ilin, səfər ayının 13-də.Ayların ən ağırında, günlərin ən nəhsində doğulan Cəfər var.Ona görə ən ağır yazıram ki, Məhərrəm ayında yasaqlarımızdan sonrakı ən sərt qadağalarımız məhz Səfər ayı ilə bağlı olardı.Sevinməzdik, oynamazdıq, deyib-gülməzdik – imamlarımızın yası çıxmayınca toy çaldırmazdıq.Anamın həmin günlərdə televizorumuzun üstünə qara örtük salmasını da yaxşı xatırlayıram.Bu sözləri yazarkən bizə gülənlər məni maraqlandırmır, bəlkə də maraqlandırardı, əgər bizə gülənlərə Allah gülməsəydi.Həmin insanların günü-güzəranı göy əskiyə bükülməsəydi, balaqları qısalarkən, Allahın ətəyi qalıb, başqa məzhəbçilərin ətəyindən yapışmasaydılar, mənə maraqlı olardı, əgər məzhəbçilikləri boyunlarına əngəl-kələf olmasaydı, “ad günü keçirməyin günahdır”, “mövlud günü eləməyin suçdur”, “Novruz bayramını qeyd etməyin, haramdır!” kimi əbləh fikirlərin ağuşunda uyumasaydılar və bu sayaq sarsaq düşüncələrlə ürəyimizə xal salmasaydılar...

Könlümüzə düşən “xal” dan Xalxala keçirəm, Seyid Cəfərin doğulduğu mahala.Ordan da yol alıram Zeyvə kəndinə.Zeyvə kəndindən də qıvrılıram“Seyidlər Zeyvəsinə”. Seyid Cəfər doğulanda həmin kənddə vur-tut 500 ailə olardı.Sonra bu kəndin evi bir qədər də artdı, böyüdü kənd, kəndin böyüməsi fonunda Cəfər də böyüyürdü.Sonra atası ailəsini götürüb quzeyə pənah gətirəcəkdi.Səbəbləri çoxdur – dolanışığın pisliyi, qardaşları ilə incikliyi və.s.Cavadzadələr 20-ci əsrin əvvəllərində, 1905-ci ildə bu taya köçürlər, 12-13 yaşlı Cəfər üçün bu göydəndüşmə olurdu.Amma ideyalar göydən düşmür, zərrə-zərrə birikir, yığılır, toplanır və tədricən millət məfkurəsinə çevrilirdi.Elə Mir Cavadın özü də Məşrutə iştirakçısı kimi çox sınaqlardan çıxmışdı, öyüd-nəsihətləri yeniyetmə Cəfərə təsirsiz ötüşməmişdi.

1905 – ci ilin Novruz bayramına az qalırdı.Gecə qalanmış tonqallar, çatılmış ocaqlar, qırmızıya boyanmış yumurtalar, saçı yolunmuş səmənilər, darvazaların ağzında qapını döyüb çuval atan, qaçıb-gizlənən çocuqların surəti gözlərdə var-gəl edirdi bayram axşamında.Nəisə xatırlatmaq üçün yarışa girmişlər, marafona qoşulmuşlar sanki.Seyid Cəfərin uşaqlığının cır səsiylə çağıran, bəzən də uğultulu bir sədaylabağıran bu xatirələr Novruzun bir addımlığında Cavadzadələrə məlhəm idi. Yeni ildə yeni amallar uğruna bu taya gələn Seyid Cəfərin ailəsinə tale öz qollarını geniş açmışdı.Bu qollar sevmək üçün idi, ya onları boğmaq üçün – bunu gələcək həyat göstərəckdi.

Bülbülə kəndində məskunlaşırlar, təhsil alır, “Açıq söz” qəzetində çıxış edir, öncələr Məhəmməd Əmin Rəsulzadəyə, sonra isə sol kəsimə - Nəriman Nərimanova meyil edir.Mətbuatda çıxış edir, güneydəki insanalrın səfalətdən, aclıqdan xilas olması üçün yeni yollar arayır.

20-ci illərin ortalarından sonra Bakıda qalmaq mümkün olmur.Səbəbləri çox olduğundan bu nüansın üzərindən adlayıb keçirəm.Bir cümlə ilə deyim ki, fəhlələrə, yoxsullara, kəndlilərə verilən vədlər quldursovet irtiçaçılarının boğazdan yuxarı sözləri idi.Ağıllı insanlar, gələcəyi görən müdriklər 1920- ci illərin ortalarından sonra bunu dərk etdilər, hərçənd şimalda Şura hökumətinin qurulmasında səfil həmşərilərin, ac güneylilərin əməyi az olmayıb.

1930-cu ildə Pişəvəri 10 illik məhbəs zülmünü görür.Ancaq bu zülm onun müəyyən qədər sağ qalmasında rol oynadı.Əgər o azadlıqda olsaydı, çoxdan məhv edilmişdi.Bu epizodu Nazim Hikmətə də aid eləmək olar.Nazim Bursa həbsxanasında keçirdiyi 12 ildə əslində repressiyadan xilas olmuşdu, digər solçu şairlər kimi məhv olunmaqdan yayınmışdı.

Dekabrın 27 – isi.Yerlər buz bağlayıb, topa-topa yağan qar ağ çalmalı bulud kimi Tehranın başını örtmüşdü.Seyid Cəfər xalası oğlu Məhəmmədlə nahar edirlər, etdikləri naharın zəhrimara dönüşməsinə saatlar qalırdı.Məhəmməd ondan ayrılanda Seyid yeyin-yeyin addımlarla issız, xali küçədən keçəndə bir nəfər qarşısını kəsir.Əlində əsa olan bu bədheybət görünüşlü, yöndəmsiz geyimli şəxs Pişəvəridə ilk andan qıcıq yaratdı.

-Ağa, sizin adınız?

- Nə üçün soruşursuz?

- Şəxsən bəndənin sizə sözü yoxdur, məni göndərmişlər ki, İttilat İdarəsinə təşrif buyurasız.Zənnimcə, sizdən kiçik bir söz soruşacaqlar.

Pişəvəri anladı ki, vəziyyət yaxşı deyil.Bu idarəyə girən adamlar ordan asan çıxa bilmirlər.Birinci demokratsivişib aradan çıxmaq istədi:

-Belə olduqda mən evə xəbər verim.

-Buna ehtiyac yoxdu, tezliklə qayıdacaqsıznız.

Seyid Cəfərin ağlından qaçmaq fikri keçsə də bu fikirdən tezcə yayınır, zira o şəxs tək deyildi.Ətrafda onu müşayiət edən, yaxud edənlər mütləqdir ki, vardı.

O dövrün ən dəhşətli zindanı kimi tanınan “Qəsri-Qacar”- da 226 nömrəli siyasi məhbusun işini Fəruzeş soyadlı müstəntiq aparırdı.Sorğu-sual əsasən gecə saatlarında aparılır ki, Seyidin iradəsini asanca qırsınlar, istədikləri cavabları alsınlar.Haçansa oxumuşdum ki, bu zindanda onu gecə vaxtlarında yatmasınlar deyə çənəsindən yumruqla vurarmışlar ki, əsəbləri tamamilə məhv olsun. Ona görə də Pişəvəridə məhbusluqdan sonra biqəfil çiynini çəkmək vərdişi yaranır. Sirdaşları deyirdilər ki, söhbət əsnasında Seyid anidən diksinər, qəfil dik atılardı.Bunu onun silahdaşlarının xatirələrindən apaydın sezmək olar.Zavallı Seyid Cəfər – bu dünyada o dünyanın cəhənnəmini yaşayan insan...

-Adınız və soyadınız?

-Mir Cavad oğlu Mir Cəfər Pişəvəri.Otuz beş yaşım var.Azərbaycanın Xalxal mahalındanam.İran və Şurəvi mədrəsəsində müəllimlik etmişəm.

-Neçə müddətdir Tehrandasız?

-Üç il yarım, dörd il.

-Nə zamandan Şurəvi mədrəsəsində müəllimlik edirsiz?

-Bir il dörd aydır.

-Bundan əvvəl nə iş görərdin?

-Ticarətlə məşğuldum, kitab mağazam vardı.

-Kitab mağazanız harada idi?

-Rifahi xiyabanında.

-Nə vaxtdan kitab mağazanız vardı?

-Təqribən 2 il.

-Kitab satmaq işini nə üçün tərk etdiniz?

-Qazancı yox idi.Bir də ki, başqa iş tapmışdım.

-Şurəvi mədrəsəsində nə dərsi verirdiniz?

-Rus siniflərində riyaziyyat, coğrafiya, fars dili.

-Ayda nə qədər gəliriniz vardı?

-120 tümən.

-Nə zamandan Şurəvi mədrəsəsnidə müəllim oludnuz?

-1929-cu ilin avqustundan.

-İran tarixi ilə 1929-cu ilin avqustu nə vaxtdır?

Pişəvəri hiss edir ki, müstəntiqin savadı azdır.

-1308-ci ilin Şəhrivər ayının əvvəli.

-Ktab mağazasında şərikin vardı?

-Şərik yox, şagirdim vardı.

-Neçə?

-3 nəfər.Adlarını buyurun.

-15 yaşında bir yeniyetmə - adı Hacı Xan idi, soyadı yadımda deyil.Onu başqamqçı tanış eləmişdi mənimlə.Əmirian idi soyadı.

Pişəvəri 10 il zindan həyatında yoldaşı Məsumə dəfələrlə bağışlanmaq ərizəsi yazsa da, cavabsız qalmışdı.Psixoloji cəhətdən Pişəvərini sarsıtmaq üçün həyat yoldaşı Məsumə xanıma təklif edirlər ki, “ərindən boşan, başqasına ərə get” Məsumə xanım bu iyrənc təklifi rədd edir, Pişəvəriyə sona qədər sadiq qalır.

Müstəntiq çox cəhd edir ki, Pişəvəri tələbəsi Əli Şərqinin boynuna qoysun “günah” ları.Təcrübəsiz müstəntiq istintaq vərəqini istədiyi kimi yazır Pişəvəridən tələb edir ki, imzalasın. Pişəvəri “mütləq o yazılanları oxumalıdır” - deyə etiraz edir.

Müstəntiq əsəbiləşir:

-Burda iki kəlmənin artıq olmasının nə əhməyyəti var?

-Ağa təqsiri bir kəlmə ilə qoya bilərlər boyuna.”Xeyr” əvəzinə “bəli” yazsanız bəs edir.

Müstəntiq Fəruzeş anlayır ki, qarşısındakı arif adamdır, Pişəvəri boyda nəhəngdir.

Birinci demokratın xatirələrindən anlamaq olur ki, Rza şahın məmurları ona fiziki, psixoloji əziyyət veriblər, özü də dəfələrlə, amma Seyidin iradəsini sındıra bilməyiblər.Pişəvəri ağrı və qürurla yazırdı ki:

“Rza şah bütün cəlladlıq mexanizmindən istifadə edib yoldaşlarımızı, sirdaşlarımızı məhv etdi, lakin əhval-ruhiyyəmiz qüvvətli olduğu üçün mübarizəni davam etdirdik”

Pişəvərinin qanının arasına II Cahan savaşının başlanması girir.Müharibənin 2-ci ilində- 1941-ci ildə məhbəsdən azad edilən Seyid Cəfər Tehrana qayıdır.İran Xalq Partiyasının yaranmasında iştirak edir, təbii ki, Tudə ilə Kommunist Partiyası arasında paralellər aparmaq kökündən yanlış idi.Sadəcə bunun o cür təqdim edilməsi, siyasi vitrinə bu şəkildə qoyulması hərəkata dəstək idi; gün kimi aydın idi ki, Sovetlərin iştirakı və himayəçiliyi olmasaydı, 21 Azər hərəkatının yaranması mümkünsüz idi.

ƏmioğluMahmud Paydar da mənimlə söhbətlərində İsmayıl babamın və özündən kiçik qardaşı Qulu Paydarın Tudəçi kimi fəal olduğunu deyirdi. Ən kiçik qardaşları Nəcəfqulu isə Tudənin üzvü olmayıb, tarzənlik edib.İsmayıl babamla Qulu əmi Tudəçi kimi Təbrizdə haqsızlığa qarşı çıxış edərdilər, torpaqların kəndlilərin əlindən alınmasına etirazlarını bildirər, Rza şahın istibdadına qarşı çıxardılar. Yəni o qənəatə gəlmək olar ki, Tudə sol yönümlü partiya kimi yox, daha çox zülmdən, səfalətdən sığınmağın tək ünvanı olan Xalq partiyası kimi yaradılıb.

Bəs niyə Seyid Cəfər Pişəvəri?

İnqilabi ruhuna, rəşadətinə görə Pişəvərini geridə qoyanlar – Mir Mehdi Çavuşi,şair general Azəri, gənc hüquqşünas Firudin İbrahimi, şair Məhəmməd Biriya, Qafar Kəndli Herisçivə başqaları heç də ondan geri qalmırdı, bəlkə də bir addımdaha öndə idilər.Pişəvərinin adını qabardan başqa xüsusiyyətlər idi.
10 il məhbəs həyatının acısını dadması, sol yönümlü publisistik yazıları, Şurəvidəki keçmişi, ağlı, ziyalı obrazı – fikrimcə onu irəli çəkdi.

Pişəvərinin “Ajir” qəzetinin redaktoru kimi Rza şahı ifşa eləməsi 1943-cü ildən intensiv hal alır.Təşkilatçılıq qabiliyyəti və şəxsi nüfuzu ilə 44 qəzeti birləşdirib “Azadlıq cəbhəsi” qəzetini yarataması onun şəxsi uğuru kimi qarşılandı.1944-cü ildə 14-cü Şura Məclisinə deputat seçilməsi bu uğurların məntiqi davamı idi.İrticaçılar Seyidin deputatlığını rədd eləsələr də, xalq arasında millətin vəkili kimi qəbul olundu.Pişəvərinin qarşısına dikilən əngəllər, maneələr Seyid Cəfər üçün tramplin olurdu.Məngənə nə qədər sıxırdısa, Pişəvəri o qədər hədəfə tez yetişirdi.
Nəhayət 1945-ciil...illərin ən gözəli...orda alman faşistləri məğlub oldu, burda Şah faşistləri.Faşist yazdım, bununla bağlı bir olayı da xatırladım.
1960-cı illərin sonları Məhəmməd Biriya sürgündən qayıdanda Bakıda qalmağına icazə vermirlər.Yollanır Şamaxıya.9 May paradında Biriya əlində “Yaşasın faşizm!” yazılı bir lövhəni yuxarı qaldırır.Görənlər əl-ayağa düşürlər.Tez onu paraddan uzaqlaşdırırlar, deyirlər,
- “Bu nədir”, “Yaşasın faşizm!” nədir?
İpə-sapa yatmayan, Sovetdən incik Məhəmməd Biriya şirin cənub ləhcəsində cavab verir:
“Baba, siz bəyəm faşist dəəəyilsiniz?!

1945-ci ilin sentaybrın 3-də Azərbaycan Demokratik Firqəsi yaradıldı.Bu prosesdə Mir Mehdi Çavuşinin xidmətləri əvəzsiz oldu.Bir neçə gündə 14 min Təbrizlini partiyaya qeydiyyata aldı.

Şair, inqilabçı – sonralar ADF-nin Göyçay, Quba Komitələrinin rəhbəri olmuşMir Mehdi Çavuşi – Təbrizin Himavar məhəlləsindən çıxmış həmşərim...

Mir Mehdi Çavuşinin sinəsi Cənubi Azərbaycanın ensiklopediyasıdır” – Söhrab Tahirin dilindən eşitdiyimiz bu cür ifadələr hafizəmizdə əbədi nəqş bağlayıb.
“Mir Mehdi Çavuşi firqə tərəfindən ona kəsilən və Moskva tərəfindən təsdiq edilən personal pensiyanı almaqdan boyun qaçırıb.” Bu kimi cümlələr bu fövqəladə insana bəslədiyim məhəbbəti və marağı artırdı.
Nə qədər ki mənim iki əlim sağdır, pensiyaya əl açmaram.Firudin İbrahiminin, Azad Vətəninin qanpulunu yeyə bilmərəm.
Mir Mehdi Çavuşi 1909-cu ildə çilingər Mir Həbibin ailəsində dünyaya gəlib.Ata yurdu Təbrizdir.
-Təbriz sözünün mənası “qızdırma tökən” dir.
Mir Mehdi Çavuşi özü də məhz Xiyabani məktəbində yetişmiş bir inqilabçıdır.Londonda 15 il hüquq təhsili alan ingilis casusu Mirzə Rza xan Səidi günlərin birində Çavuşinin dükanına girir.Dükanda Çavuşidən başqa heç kəs olmadığı halda, yenə ehtiyat edərək zərli əsasını arxadan qapıya dirəyib müxatibinə üz tutur.
-Ağayi Çavuşi, səninlə məxfi bir söhbətim var.Sən mənə de görüm, həyatda yaşamaqda məqsəd nə?
-Yaşatmaq
-Yox, o şurəvilərin sözüdür.Öz sözünü de.Yaşamaqda məqsəd ağ gün görməkdir.Ağ gün üçün nə lazımdır? 200 tümən pul, bağlı-bağatlı bir ev.İstəsən bunlar sənin üçün mümkündür.
Bu şirin kəlamların arxasında gizlənmiş alçaq niyyəti dərhal başa düşən Çavuşinin dodaqlarında kinayəli bir təbəssüm oyanır.Cavuşinin cavabı səkkiz misralı bu şeir olur:

Aldat özünü, şöhrətə talib deyiləm mən,
Heyhat! Yaşamaqçün ona bir an əyiləm mən.
Minnətlə əgər başimə şah tək qoyalar tac,
Haşa, o taca tuf deməsəm, ən rəziləm mən.
Yalvarmaram, hətta belə məhv olsam həyatda,
Gör dar ağacından asılıb, ya kəsiləm mən.
Azad yaşamaqdır mənim aləmdə məramım,
Çün böyük amallara mənsub nəsiləm mən

1945 - ci ilin dekabrın 12 - də, Azər ayın 21-də hərəkat qalib gəldi.Nə gün idi o gün Allah! Azərbaycan Milli Məclisinin qərarı ilə Pişəvəri Baş nazir seçildi.

ADF –nin gördüyü işlərin sayının ölçüsünü mizana qoysaq, tərəzinin bir gözü şahə qalxar, bir gözü torpağa batar.
O qədər tərəqqi vardı ki, hətta fars zabitləri belə Pişəvəri fədailərinə qoşuldular.

Milli Universitetin, Milli radionun, Filarmoniyanın təşəkkülü, qəzetçiliyin inkişafı, doğma türkcəmizdə dərslərin keçirilməsi, savadsızlığın ləğvi uğrunda atılan qəti addmlar...

...Və bununla yanaşı “mənəm-mənəmlik”, içimizdəki xəyanət (bu sözün işlənməsinə qarşı olsam da tarix naminə etiraf etmək lazımdır) uğurlarımızı xarici qüvvələrin gözünün götürməməsi, gizli sövdələşmələr, Stalinin “Gilandan sonra” kınövbəti xəyanəti, 1946 - cı ilin yazında Sovet qoşunun İrandan çıxarılması – bu kimi yüzlərlə səbəb vardı.
O səbəblərdən birini isə belə yozardım:

Təbriz, 12 şəhrivər 1946-cı il.
Azərbaycan Demokrat Firqəsinin yaradılmasının bir illiyi münasibətilə xalq bayramı.Tribunada dayanmış Kaviyan, Biriya və başqaları bir-birilərini itələyir, Pişəvərini sıxışdırır, özlərini gözə soxmağa çalışırlar.
Tribunanın qabağından izdiham keçir.Sinələrdə medal.Medalda Biriyanın şəkli çarpaz bayraqlar arasından boylanır.Bu medalı Biriya özü təsis edib.
-Qiyməti neçəyə olsa yaxşıdır?
-3 tümən.
Pişəvərinin şəkli isə kiçikdir, sanki düymə boyda.
“Nə üçün Tehrana gedən nümayəndə heyəti bu vaxta qədər qayıtmayıb? Bəlkə Qəvamüsəltənə onları orada yemləyir? Sən hökumət adından dərhal teleqram vur.10 saata kimi qayıdıb gəlməsələr bir daha bu yana üz çevirməsinlər”
Bu sualları yağış kimi Çavuşi Seyid Cəfərə yağdırırdı.Seyid Cəfər isə naçar durumda “neynim” deyirdi.
-Bəs Qəvam hökuməti ilə danışığa gedənlər kimlər idi?
-Ali Sovetin sədri Hacı Mirzəli Şəbüstəri, Sadıq Padigan, general Pənahian, daxili işlər naziri doktor Cavid.
Fabrikə qayıdan kimi hamıya bildirdim ki, bütpərəstlik eləməyin, medalları tökün yerə.
-Nə üçün Lalə dağlarına çəkilmədik?
-Nə üçün Qaradağ meşələrinə çəkilmədik?
-Nə üçün ölüm-dirim döyüşünə atılmadıq?
-Əlimizi qoynumuza qoyub düşmənin haçan hücuma keçəcəyini gözlədik.Nümayəndələr 74 gündən sonra qayıdıb xəbər gətirdilər ki, Qəvam tələb edir: Zəncanı verək.Əvəzinə 10 gündən sonra onlar bizə Təkabı verərlər.Bunlar, əlbəttə, hiylə idi.Qəvam qəsdən danışığı uzadır, Milli hökuməti al qanına boyamaq üçün qüvvə toplayır, məqam gözləyirdi.Nəhayət, onlar əyalət seçkiləri keçirmək bəhanəsi ilə Azərbaycan torpağına qoşun yeritdilər.Əvvəlcə Zəncanı tutub demokrat bir mollanı öldürdülər.
1946-cı ilin 2 dekabrı…Pişəvəri Arazı keçib gedib.Bəzi mənbələrdə Seyid Cəfərin dekabrın qaçması tarixi ayın 13 - ü kimi qeyd etdiblər ki, bu, yanlışdır.Pişəvərinin ən son ana kimi duruş gətirməsi əfsanəsini boyalı şəkildə yazıblar.Ancaq bu gerçəkliyi dəyişə bilməz.Pişəvərinin ən yaxın silahdaşları dekabrın 2-dən sonra onu kabinetində görməmişdilər.

Kabineti boşdur.Biriya özünü MK-nın katibi kimi aparır.Pişəvərinin kabinetində nə edəcəyini bilmir.Məhəmməd Biriya:
-Balam, gəlin görax da.Bu düymələrin hansını basax, haradı.
-Təbrik edirəm, Biriya.Axır ki, niyyətinizə çatdınız.Hökuməti devirdiniz.Ancaq çox da sevinmə, sənin hökmranlığın da yarım saatlıqdır.
Bu sözləri Təbrizdə Mir Mehdi Çavuşi Biriyanın üzünə söyləyir.
Bakı, Xaqani küçəsi…Pişəvərinin evi.Ortada nərdtaxta var.Çavuşi və Pişəvəri nərd oynayırlar.Əllər zər atsa da, üzlər kədərlidir.Birdən Seyid Cəfər əl saxlayır:
-Miri, axı sən həmişə yaxşı oynayırdın.Niyə belə könülsüzsən?
Zərləri cütləyib nərdtaxtanın üstünə qoyan Çavuşi kədərlə dolu iri gözlərini Seyid Cəfərin üzünə dikir.
Çavuşinin gözləri Pişəvərini ittiham edir, həm də ondan cavab gözləyir:
-Axı sən deyirdin, gərək üstümüzdən tanklar keçə.Ancaq o tanklar 25 min azəri türkünü al qana boyadı.Halbuki, o 25 mindən onca mini döyüş meydanına çıxsaydı, əgər başçı meydandan qaçmasaydı, biz nəinki Azərbaycanı, hətta bütün İranı xilas edə bilərdik.
-Sən məni bağışla, Miri.
Pişəvəri Çavuşidən üzr istəməklə bütün xalqdan üzr istəmiş olurdu.Onun qarşısında Təbriz şəhər firqə komitəsinin katibi dayanmışdı.Bir neçə gün ərzində 10 komitə yaradan, 14 min təbrizlinin partiya sıralarına keçməsini təmin edən bir insanın indi bir cüt zərə gücü çatmırdı.

Fədai Əsgər Süleymani o günləri belə xatırlayırdı:

“1946-cı ilin 14-16 may tarixlərində Təbrizdə keçirilən müşavirədə mən də iştirak edirdim.Burada gözü çeşməkli, mavi gözlü bir rus nümayəndəsi SSRİ tərkibinə daxil olmağı bizə təklif etdi.Verilən cavablar eynilə yadımdadır.Məhəmməd Qazi dedi ki, biz bir boyunduruqdan açılıb digərinə qoşula bilmərik.Pişəvəri isə sərt yox, nəzakətlə cavab verdi:
“Əlbəttə, sizin qardaşlıq ailəsində yaşamaq bizim üçün şərəfdir.Lakin hələlik belə bir addım atmağa ona görə yol vermərik ki, bu Tehran, Vaşinqton radiolarının, mətbuatının hər gün bizim barədə qusduğu yalanı təsdiq etmiş olar.Lakin Sovet Azərbaycanının Cənubi Azərnaycanla birləşməsinə razılıq versəniz, SSR-nin yanında Çexoslavakiya kimi bir respublika yaranmış olar.Əlbəttə, Stalin belə bir təklifə razılıq verə bilməzdi.Dekabrın 9-da bizə demişdilər ki, düşmənə qarşı son nəfəsinə kimi döyüşənlərə Azərbaycan qəhrəmanı adı veriləcək.Zatən heç kəs qaçmaq niyyətində deyildi.Ertəsi gün Təbriz İran faşistləri tərəfindən tutulduqda xalqı aldatdılar.Radiodan elan etdilər ki, biz seçki keçirməyə gəlmişik, silaha əl atmayın.Xalq bu vədə inandı.Ən ciddi səhvlərdən biri bu oldu ki, Pişəvərinin, Qulam Yəhyanın və Bedaganın ailəsi Təbrizdən köçürüldü.Xalq bundan təşvişə düşdü, köçməyə başladı.Culfada bu taya keçəndə sərhədçilər demişdilər ki, bizə yalnız 3 ailəni buraxmaq tapşırılıb.Əslində, Güney Azərbaycan Hökuməti elə bir qüvvəyə malik idi ki, öz gücü ilə İranı başdan-ayağa kimi tuta bilərdi.Fars zabitləri dəstə-dəstə bizim tərəfə keçirdilər.Bağırovun, Stalinin himayəsinə sığınıb inqilabi qətiyyəti əldən verən Pişəvərinin nöqsanı bağışlanmazdı.
-“Axı sən fədailərini qoyub hara qaçırsan?”-deyən cəsur Azərbaycan qəhrəmanı, şair, alim, general
Əli Azəri Naxçıvanda Pişəvərini yaxalamış və ona bir sillə çəkmişdi.
-Bu, xalqın silləsi idi.Tarixi sillə idi.Yerində vurulmuş sillə idi.
Əli Azəri fransızca mükəmməl bilən, əsasən farsca yazan misilsiz şair idi.
Nə Firudin İbrahimi, nə də Əli Azəri Seyid Cəfərlə düz gəlirdilər.Onlar daha qəti, daha inqilabi mövqe tuturdular.”Qonşuya ümid olan şamsız yatar” deyirdilər.
Pişəvəri Azərbaycanın böyük oğludur, inqilab xadimi, mühərriridir, ancaq ona yaraşmayan ölüm nəsib oldu.Halbuki ən şərəfli, ən gözəl ölüm qazanmaq imkanını tarix özü ona təklif etmişdi.
Düşünürəm ki, Pişəvəri öyrədilmiş bir erməni şoferinin sürdüyü maşında başı dəmirə toxunub qan sızmasından deyil (əslində, Pişəvəri Gəncə-Yevlax yolunda, Yevlaxın 14 kilometrliyində baş verən qəzada yerindəcə həlak olmamışdı, xəstəxanada canını naməlum şəkildə tapşırmışdı) səngər başında, Təbrizdə qəhrəman kimi həlak olmalı idi.

Əsgər Süleymaninin bu sözləri ilə tamamən razılaşmaq olar.Amma maalisəf tarix təkrar olunmur, tarixdən ibrət isə əlbəttə götürülməlidir.Ona görə götürülməlidir ki, “qaynar qazan” düyününə dönən hərəkatımızın tüstüsü bugün də başımızdan çıxır, eləcə dəmadəm göyə qovzanır.Bu bizim içimizdəki tüstüdür, istiqlal, azadlıq, hürriyyət tüstüsüdür, o tüstünün düşmən gözlərini kor etməyə gücü yetmirsə, Pişəvəri sirrinin, Pişvəri müəmmasının çözülməsi də qiyamət gününə qalacaq.

Əlimdə Xalq yazıçısı Əzizə xanım Cəfərzadənin gündəliyindən bir parça var.Əzizə xanım Pişəvərinin son anlarını qələmə alıb, ağlayıb, hayqırıb, üsyan edib.Necə var o cür yazıram:

“11.7.47

Pişəvəri öldü...Ən böyük bir fəlakət...Bundan ağır xəbər təsəvvür etmək belə çətindir...Görəsən göz yaşlarım nə zaman quruyacaq”

Pişəvəridən sonra fədai dəstələri buraxıldı, güneylilər dərbədər oldu, amma iradəmiz qırılmadı.Əsas budur ki, bir akt kimi, bir fakt kimi 21 Azər hərəkatı tarixin yaddaş divarlarına hörüldü.Çözülməyən isə Pişəvəri müəmması oldu.O müəmma ağ çalmalı bulud kimi başımızın üzərində dolaşır.O bulud topalarını dağıtmaq hər bir həmşəridən, hər bir fədai övladından – onların nəvələrindən, nəticələrindən asılıdır.Ağ çalmalı bulud topası...ayazlı dekabr axşamı...İssız, xali küçələr...Bu sözlər yamanca tanış gəldi mənə.Pişəvərinin həbs olunduğu məşum günün mənzərəsi eynən bu cür deyildimi?! Bu 2 mənzərə - Birinci demokratın həbs olunan günü keçirdiyi sarsıntı ilə, şair, general Azərinin Pişəvəriyə bu tayda vurduğu sillə ürəyimizi ən çox sarsıdan epizodlardır.”Azərinin vurduğu sillə millətin silləsidir” - deyən fədai Əsgər Süleymani tam haqlı idi. Pişəvəriyə sillə çəkən şair Azərinin əlləri isə bu saat mənim üzümü qızardacaq qədər istidir, həm də çox isti...
1946-cı ilin dekabrı isə soyuq idi...Pişəvəri müəamması da çoxdan soyuyub, buzlaşıb, daşlaşıb, bir az da abidələşib.Abidələr isə təkcə xiyabanlarda ucalmır, həm də könüllərdə məskən salır.
Lap Seyid Cəfər Pişəvərinin abidəsi kimi.

(Millətimizn böyük oğlu Seyid Cəfər Pişəvəriyə həsr etdiyim portret – essedə atam Asif İsmayılzadənin, Mir Mehdi Çavuşinin, Seyid Cəfər Pişəvərinin, Əli Azərinin, Əsgər Süleymaninin, Xəlil Rza Ulutürkün, Qulamhüseyn Beqdelinin, Əzizə Cəfərzadənin, Söhrab Tahirin xatirələrinə,
tədqiqatçı Əkrəm Rəhimlinin mülahizələrinə, habelə müəllifi olduğum “Fədailərimizi tanıyaq” rubrikasının materailarına söykənmişəm)

09 -10-11dekabr 2025-ci il

Seçilən
36
1
turkustan.az

2Mənbələr