AZ

Goranboyda anım mərasimi

Goranboy rayonunda ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə dərin ehtiram hissi ilə keçirilən “Heydər Əliyev – dövlətçilik və liderlik məktəbi” adlı konfrans böyük mənəvi məzmunu, yüksək təşkilatçılığı və ideya dolğunluğu ilə yadda qaldı. 12 dekabr Ümummilli liderimizin anım günü çərçivəsində təşkil olunan silsilə tədbirlərin mühüm bir hissəsi olan bu konfrans, Goranboy Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq gerçəkləşdirildi.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, partiya fəalları, ağsaqqallar, ziyalılar və gənclər iştirak edərək Ulu öndərin xalq və dövlət qarşısındakı tarixi xidmətlərini bir daha minnətdarlıqla xatırladılar.

Konfransdan əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış möhtəşəm abidəsini ziyarət etmiş, gül dəstələri qoyaraq onun nurlu xatirəsinə ehtiramlarını bildirmişlər. Bu anım mərasimi bir daha göstərdi ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında təkcə görkəmli siyasi lider kimi deyil, həm də müasir müstəqil dövlətimizin memarı, ölkəmizin tərəqqisini təmin edən dahi şəxsiyyət kimi əbədi yaşayır.

Daha sonra tədbir YAP rayon təşkilatının inzibati binasının akt zalında davam etdirildi. Konfransda Heydər Əliyevin dövlətçilik strategiyasını, idarəçilik fəlsəfəsini və liderlik məharətini əks etdirən videoçarx nümayiş etdirildi. Videoçarx iştirakçılara Ulu öndərin Azərbaycan üçün gördüyü misilsiz işləri, milli dövlət quruculuğundakı prinsipial mövqeyini və xalqına bağlılığını bir daha xatırlatdı.

Çıxış edən natiqlər Heydər Əliyev məktəbinin Azərbaycan üçün tükənməz bir inkişaf mənbəyi olduğunu vurğulayaraq, onun siyasi irsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdilər. Onlar həmçinin Heydər Əliyevin dərin zəkası, müdrikliyi, uzaqgörənliyi və yenilməz iradəsi sayəsində Azərbaycanın təhlükəsizlik, inkişaf və modernləşmə yoluna çıxdığını diqqətə çatdırdılar.

Tədbir Ümummilli liderimizin parlaq xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, Heydər Əliyev dövlətçilik məktəbinin mənəvi-siyasi dəyərlərinin yeni nəsillərə ötürülməsi baxımından da mühüm əhəmiyyət daşıdı.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

Seçilən
17
xalqqazeti.az

1Mənbələr