AZ

Elçin Əliyev: “Hər şirkət memarlıq abidələrini təmir edə bilməz”

“Memarlıq abidələrinin bərpa, təmir, restavrasiya, konservasiya işlərini xüsusi lisenziyası olan mütəxəssislər və şirkətlər aparmalıdırlar. Hər bir memarlıq abidəsinə individual yanaşmaq lazımdır. Məsələn, görürük ki, bir neçə ildir, Bakıda fəaliyyət göstərən Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkəti necə diqqətli, səliqəli şəkildə hər bir memarlıq abidəsinin üzərində üç-dörd il işləyir, individual yanaşır. Təbii ki, bu, çox çətin işdir və xüsusi bilik tələb edir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış memar Elçin Əliyev deyib.

 

Memar vurğulayıb ki, tikinti şirkəti də olsa, hər şirkət memarlıq abidələrini təmir edə bilməz: “Azərbaycanda son illər bu struktura yenidən baxılıb. Mədəniyyət Nazirliyinin nəzdində Bakı Dövlət Layihə İnstitutu var. Məhz onlar bu işlə məşğuldurlar. Azərbaycanda memarlıq abidələrinin restavrasiyası üzrə, təəssüf ki, mütəxəssislər, şirkətlər azdır və xüsusi lisenziyaları var. Onların arasında tender keçirmək, bəlkə də, məqsədəuyğun deyil. Çünki faktiki şirkətlər yoxdur ki, tenderdə iştirak etsinlər".

 

Qeyd: Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin bir neçə gün öncə yaydığı məlumat görə, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 213 ünvanında yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş yaşayış binasının yaxınlığında 2023-cü ildə “VEST PARK” MMC tərəfindən yeni yaşayış binasının tikintisinin aparılması planlaşdırılıb. Tarixi abidənin yaxınlığında tikinti işləri aparılacağı üçün yeni inşa olunacaq binanın layihəsinə baxılması məqsədilə 29 avqust 2023-cü il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət ünvanlanıb. Dövlət Xidmətinin 5 sentyabr 2023-cü il tarixli cavab məktubunda planlaşdırılan tikinti nəticəsində sözügedən tarixi abidəyə təhlükə yarana biləcəyi nəzərə alınaraq, mümkün risklərin qarşısının alınması məqsədilə sözügedən şirkətin vəsaiti hesabına tarixi binada təmir-bərpa işlərinin həyata keçirilməsi tələb olunub. 7 noyabr 2023-cü il tarixində binanın bünövrəsinin gücləndirilməsi, fasad hissəsində, daxili həyətində və dam örtüyündə təmir-bərpa işlərinin layihəsi hazırlanmış və qanunvericiliyə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılıb, Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra şirkət tərəfindən bərpa işlərinə başlanılıb. Lakin, təmir-bərpa işlərinin gedişi zamanı təsdiq olunmuş layihənin tələbləri kobud şəkildə pozulub. Dövlət Xidmətinə təqdim edilərək razılaşdırılan layihədə mövcud dam örtüyünün (ruberoid) saxlanılması nəzərdə tutulduğu halda, şirkət tərəfindən həmin örtük yeni metal kirəmit tipli konstruksiya ilə əvəz edilib, damda yerləşən tüstü və havalandırma bacaları tamamilə qapadılıb və quraşdırılan əlavə konstruksiyalar binanın dayanıqlığına əlavə təhlükə yaradıb. Bu səbəbdən də Dövlət Xidməti tərəfindən işlər dayandırılıb, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Nəsimi Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli Qərarı ilə “VEST PARK” MMC təqsirli hesab edilib. Abidənin tarixi görkəminə qaytarılması tələbinə “VEST PARK” MMC tərəfindən layihədən kənar quraşdırılmış dam örtüyü sökülüb və zədələnib. Nəticədə yağan yağış suları sakinlərin mənzillərinə dolub.

 

Aytəkin Qardaşova

Tarix: 12 Dekabr 2025, 11:13   
Seçilən
30
30
pravda.az

10Mənbələr