AZ

Heydər Əliyevin suverenlik konsepsiyasında iqtisadi müstəqillik xüsusi yer tuturdu



Dünyanın ən aparıcı dövlətlərinin tarixində onları sınağa çəkən, inkişaf yolunda maneəyə çevrilən hadisələr az olmamışdır. Bu hadisələr istər başlanğıcda, istərsə də sonralar həmin xalqları tutduqları yoldan sapındırmağa çalışsa da, tarixi iradə onların firavan inkişaf yoluna çıxmasına kömək etmişdir. Dünya xalqları buna görə məhz şəxsiyyətlərə, onların adı ilə bağlı olan zəngin siyasi irsə minnətdardırlar. Yəni tarix şəxsiyyətləri insanlara sanki özünün sınaqları üçün bəxş etmişdir. Amerikalılar üçün bu şəxsiyyət Corc Vaşinqton, ingilislər üçün Uinston Çörçill, fransızlar üçün Şarl de Qoll, türklər üçün Mustafa Kamal Atatürkdürsə, azərbaycanlılar üçün də Ulu Öndər Heydər Əliyevdir! Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirmiş strateq kimi çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmiş, hələ sağlığında canlı əfsanəyə çevrilmişdir.

Heydər Əliyev üçün suverenlik sadəcə formal müstəqillik deyil, real siyasi, iqtisadi və mənəvi azadlıqlar sistemidir. Onun konsepsiyası üç əsas sütun üzərində qurulurdu:

Dövlət idarəetməsində milli iradənin üstünlüyü

Dövlət hakimiyyətinin xalqın iradəsinə əsaslanması, milli maraqların bütün qərarlarda əsas meyar kimi götürülməsi Heydər Əliyevin suverenlik anlayışının təməl prinsipidir. O, xalqın iştirakını və dövlətin legitimliyini daim önə çəkirdi.

Ərazi bütövlüyünün qorunması

Suveren dövlətin əsas atributu onun bölünməzliyi və sərhədlərinin toxunulmazlığıdır. Heydər Əliyev mürəkkəb geosiyasi şəraitdə Ermənistanın təcavüzünə qarşı mübarizəni milli suverenliyin tərkib hissəsi kimi qiymətləndirir və Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılmasını bu konsepsiyanın ayrılmaz elementi hesab edirdi.

Müstəqil xarici siyasət

Heydər Əliyev Azərbaycanın beynəlxalq münasibətlər sistemində heç bir gücün təsirinə məruz qalmadan balanslı və çoxvektorlu siyasət yürütməsini suverenliyin başlıca şərti kimi təqdim edirdi. “Ən böyük məqsəd Azərbaycanın dünyada etibarlı tərəfdaş, bərabərhüquqlu dövlət kimi tanınmasıdır”, – onun tez-tez vurğuladığı fikirlərdən idi.

İqtisadi suverenlik – siyasi azadlığın təməli

Heydər Əliyevin suverenlik konsepsiyasında iqtisadi müstəqillik xüsusi yer tutur. O, siyasi müstəqilliyin iqtisadi əsaslar olmadan davamlı ola bilməyəcəyini dəfələrlə bildirirdi. Bu məqsədlə:

Milli iqtisadiyyatın bazar prinsipləri əsasında yenidən qurulması,
Enerji resurslarının idarə olunmasında milli maraqların qorunması,
“Əsrin müqaviləsi” kimi strateji neft layihələrinin həyata keçirilməsi,

Xarici sərmayələrin cəlbi və Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası
Heydər Əliyevin iqtisadi suverenlik siyasətinin əsas istiqamətləri idi. Bu addımlar dövlətin maliyyə və iqtisadi dayaqlarını möhkəmləndirərək milli suverenliyi real məzmunla doldurdu.

Qanunvericilik və ideoloji suverenlik

Ulu öndərin təşəbbüsü ilə qəbul olunan 1995-ci il Konstitusiyası Azərbaycan dövlətçiliyinin suverenlik prinsiplərini hüquqi müstəviyə keçirdi. Konstitusiya:
Azərbaycanın müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət olduğunu təsdiqlədi;
Hakimiyyət bölgüsünü müəyyən etdi;
Vətəndaşların əsas hüquq və azadlıqlarını təmin etdi;

Dövlət suverenliyini pozan addımların qarşısını almaq üçün hüquqi mexanizmlər yaratdı.
Bununla yanaşı, Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasını suverenliyin ideoloji dayağı kimi qiymətləndirir və güclü milli özünüdərkin vacibliyini vurğulayırdı.

Geosiyasi realizm və təhlükəsizlik modeli

Heydər Əliyevin suverenlik konsepsiyası regionun mürəkkəb geosiyasi reallıqlarını nəzərə alaraq formalaşdırılmışdı. Onun siyasəti aşağıdakı prinsiplərlə seçilirdi:
Regional güclərlə balanslı münasibətlərin qurulması,
Beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq,

Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin gücləndirilməsi,
Enerji marşrutlarının diversifikasiyası və strateji tərəfdaşlıqların inkişafı.
Bu siyasət Azərbaycanın təhlükəsizliyini möhkəmləndirərək onu regionda müstəqil aktora çevirdi.

Suverenlik ali dövlət hakimiyyətinin xarici təsirlərdən müstəqilliyi və öz sərhədləri üzərində hökmranlığın tam təminatı deməkdir. Suverenliyi hər bir dövlətin ayrılmaz xüsusiyyəti, onun beynəlxalq hüquq subyektliyinin mütləq şərtidir. Bu səbəbdən ilk demokratik konstitusiyalar suverenliyin bölünməzliyini dəqiq təsbit edirdi. Məsələn, Həmçinin suverenlik dövlətin öz ərazisində və hüdudlarından kənarda, beynəlxalq ünsiyyətdə, öz funksiyalarını müstəqil və muxtar şəkildə həyata keçirmək qabiliyyətidir.

1991-ci ildə müstəqilliyinin bərpasına nail olmuş Azərbaycan Respublikası özünün Dövlət Suverenliyini və ərazi bütövlüyünü, tam mənasında, ancaq 20 sentyabr 2023-cü ildə bərpa edə bilmişdir.2023-cü il sentyabrın 19-da başlanılmış antiterror əməliyyatı Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistanın silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması və həmin ərazilərdə Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi ilə nəticələnmişdir. Beləliklə də cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa edilmişdir.Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” olan 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə sentyabrın 20-si Azərbaycanın Dövlət Suverenliyi Günü kimi müəyyən edilmişdir.2020-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız Heydər Əliyevin müqəddəs vəsiyyətinə əməl etdi və öz torpaqlarını işğaldan azad edərək Ulu Öndərin ideyalarının təntənəsini bütün dünyaya nümayiş etdirdi.

Suverenlik— bir xalqın öz taleyinin sahibi olmasıdır. Bu, yalnız siyasi termin deyil; xalqın öz iradəsinə sahib çıxması, öz adından qərar verə bilməsi, öz gələcəyini özü müəyyən etməsi deməkdir. Souverənlik bir millətin kimliyinin, azadlığının və dövlətçilik şüurunun bünövrəsidir. Xalq souverən olmayanda tarix onu yazır. Xalq souverən olanda isə tarixi o yazır.

Xalqın souverənliyi bir dəfə qazanılan yox, hər gün qorunan dəyərdir. Bütün bu tarixi mərhələlər, sınaqlar və zəfərlər bir həqiqəti sübut edir: Azərbaycan xalqı souverənliyini yalnız bəyan edən deyil, onu şərəflə qoruyan və yaşadan xalqdır. Çünki suverenlik bizim milli ruhumuzdur. Konstitusiya isə bu ruhun əbədi yaşamasının təminatıdır.Bu gün biz artıq yalnız suverenliyini bərpa etmiş bir xalq deyilik.Biz tarixini özü yazan,haqqını özü qoruyan, gələcəyini özü müəyyən edən bir xalqıq. Ulu Öndər Heydər Əliyevin sözü ilə desək, bu gün biz bir daha təsdiq edirik: Azərbaycanın suverenliyi dönməzdir, əbədi və sarsılmazdır!

Əfsanə İbrahimova, siyasi şərhçi

Newscenter.az üçün
Seçilən
2
newscenter.az

1Mənbələr