ain.az bildirir, Cebheinfo portalına istinadən.
“Ulu Öndər Heydər Əliyevin adı çəkiləndə Azərbaycan sözü ağla gəlir”.
Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan deyiləndə də mütləq yanında Heydər Əliyev xatırlanır:
“Çünki bu iki ad bir-birinə bütün mənalarda bağlıdır. Ulu Öndərin həyat və fəaliyyətinin bütün qayəsində Azərbaycan durur. Heydər Əliyevin Azərbaycan qarşısındakı xidmətlərini üç yerə bölmək olar. Birincisi, SSRİ-də birinci rəhbərlik dövrüdür.
Ümummilli Lider qısa vaxt ərzində Azərbaycanı ən inkişaf etmiş respublikalardan birinə çevrirdi. Halbuki ondan öncə çox geridə idi. Onun rəhbərliyi dönəmində Azərbaycan hərtərəfli inkişaf etməyə başladı. Respublika kimliyi qazanıldı, sənaye, aqrar sahə inkişaf etdi, eləcə də hərbi məktəblər yaradıldı”.
Millət vəkili qeyd edib ki, Heydər Əliyev SSRİ-nin birinci katibi kimi Azərbaycan gənclərinin ən peşəkar universitetlərində təhsil alması üçün mühüm addımlar atdı:
“O, Azərbaycanda hərbi məktəblər açdırdı, uşaqların, gənclərin hərbi təhsil alması üçün şərait yaratdı. Heydər Əliyevin sayəsində Azərbaycan güclü sənaye müəssisələri ilə SSRİ ölkələrinin rəqabət apardığı bir dövlətə çevrildi”.
Vüqar İskəndərov vurğulayıb ki, ikinci dövr isə Heydər Əliyevin ilk türk və azərbaycanlı olaraq o dövrün ən böyük imperiyası olan SSRİ-nin siyasi rəhbərliyinə gəlməsidir:
“Bu, bizim qürur mənbəyimizdir. Çünki bir azərbaycanlı SSRİ rəhbərləri içərisində imperiyanı idarə edən şəxslərdən biri oldu. Heydər Əliyev o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi rəhbərliyə təyin olundu və çox böyük uğurla fəaliyyət göstərdi.
Məsələn, dahi şair Hüseyn Cavidin nəşinin ölkəmizə gətirilməsi, Azərbaycan dili ilə bağlı məsələlərə xüsusi diqqət göstərilməsi, orfoqrafiya, fonetika, dilin inkişafına nəzarət və gənclərin hərbi xidmətə cəlb olunması kimi tarixi addımlar atıldı.
Bundan başqa, ermənilərin Moskvada və Kreml daxilində fəaliyyətlərinin qarşısının alındı. Bütün bunlar onun fəaliyyəti nəticəsində mümkün oldu”.
Deputat diqqətə çatdırıb ki, üçüncü mərhələ də müstəqil Azərbaycan Respublikasını qurmasıdır:
“Heydər Əliyev müasir Azərbaycanı quraraq, ona uğurla rəhbərlik etdi. Çox çətin bir dövrdə, ölkə daxilində vətəndaş qarşıdurması, silahlı müharibə, iqtisadi yoxsulluq, idarəetmənin dağılması kimi mürəkkəb bir şəraitdə xalq nicatını yalnız Heydər Əliyevdə gördü. Bu insan bütün bu çətinliklərin öhdəsindən yüksək səviyyədə gəldi. Belə bir insanın hansı zəka, enerji, iradə və qətiyyətə sahib olması sözlə ifadə oluna bilməz.
Bu gün onun oğlu, layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında güclü, nüfuzlu bir Azərbaycan var. Bu güclü, qürurlu Azərbaycanın bünövrəsi isə məhz Ümummilli Lider Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində qurulub. Bu gün müstəqil Azərbaycanda yaşamağımızı ilk növbədə Heydər Əliyevə borcluyuq”.
Elmir Mustafa
“Cebheinfo.az”
Açar sözlər:
Ulu Öndər Ümummilli Lider Heydər Əliyev
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.