Ulu Öndər Heydər Əliyevin anım günü onun zəngin dövlətçilik irsinin bir daha dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu fikirləri “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev QHT.az-a verdiyi açıqlamada bildirib. Ramil Əliyevin sözlərinə görə, Heydər Əliyevin formalaşdırdığı dövlətçilik ideologiyası yalnız siyasi idarəetməni deyil, eyni zamanda cəmiyyət- dövlət münasibətlərinin müasir modelini yaradıb və vətəndaş cəmiyyətinin inkişafı üçün strateji əsaslar qoyub:
““Hüquqi dövlət və demokratik institutların qurulması, Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Konstitusiya və həyata keçirilən qanunvericilik islahatları insan hüquq və azadlıqlarının dövlət tərəfindən qorunmasını təmin etdi, QHT-lərin, ictimai birliklərin və müstəqil media institutlarının fəaliyyətini mümkün edən hüquqi baza yaratdı, vətəndaşların dövlət idarəçiliyində iştirakını hüquqi müstəviyə daşıdı.
Milli həmrəylik və ictimai məsuliyyət fəlsəfəsinin qurulması da Ulu Öndərin dövlətçilik konsepsiyasının əsas istiqamətlərindən idi. O, milli birliyin qorunmasını dövlətçilik fəlsəfəsinin mərkəzinə çevirdi. Bu yanaşma vətəndaş cəmiyyətinin fəaliyyəti üçün ideoloji çərçivə formalaşdırdı – ictimai sabitlik və milli birlik, sosial məsuliyyət, könüllülük və ictimai təşəbbüslərin dəstəklənməsi, milli-mənəvi dəyərlərin cəmiyyətdə qorunması üçün münbit zəmin yaratdı”.
Ramil Əliyev bildirib ki, bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam təmin olunması və suverenliyinin bərpası Ulu Öndərin müəyyənləşdirdiyi siyasi xəttin tarixi nəticəsidir:
“Bu gün Ulu Öndərin ruhu şaddır, çünki Azərbaycan Zəfər qazanıb, ərazi bütövlüyünü tam təmin edib və suverenliyini bərpa edib. Məhz Heydər Əliyevin qurmaq və görmək istədiyi Azərbaycan belə bir güclü və müstəqil dövlət idi.”