AZ

Xəzərin suyu çəkildi, balıqçılar çətin vəziyyətdə: Lənkəranda qayıqların sayı azalıb… – FOTO

Xəzərin suyunun azalması sahilyanı ərazilərdə, xüsusilə balıqçılıqla məşğul olanlar üçün ciddi çətinliklər yaradıb.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran rayonu sahillərində suyun geri çəkilməsi nəticəsində dəniz dayazlaşıb, sualtı qayalıqlar üzə çıxıb və bu da balıqçı qayıqlarının hərəkətində təhlükə yaradır.

Balıqçıların sözlərinə görə, əvvəllər rahat istifadə olunan marşrutlarda indi qayıqlar tez-tez qayalara toxunur, bəzi sahələrdən keçmək isə mümkün olmur. Bununla yanaşı, sahilə yaxın sularda balıq ehtiyatı xeyli azalıb. Balıqlar dərin ərazilərə çəkilir. Mövcud qaydalara əsasən balıqçıların sahildən cəmi iki mil məsafəyədək dənizə çıxmasına icazə verilməsi indiki şəraitdə balıq ovunu çətinləşdirir.

Lənkəranın Aşağı Nüvədi kəndində əvvəllər gün ərzində təxminən 30 balıqçı qayığı dənizə çıxırdısa, hazırda bu rəqəm 20-yə enib.

Mütəxəssislər bildirirlər ki, Xəzərdə suyun səviyyəsinin azalması uzunmüddətli prosesdir və bu hal təkcə balıqçılığa deyil, ümumilikdə dənizin ekosisteminə mənfi təsir göstərir. Onların fikrincə, balıq ehtiyatlarının daha dərin sulara çəkilməsi balıqçılıq zonalarının yenidən qiymətləndirilməsini və sahilboyu təhlükəsizlik tədbirlərinin gücləndirilməsini zəruri edir.

Turab

Seçilən
15
3
nocomment.az

4Mənbələr