Azərbaycanda dövlət rüsumu tutulmayan şəxslərin əhatə dairəsi genişləndirilir.
“İki sahil” xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlara yeni maddələr əlavə olunur.
Sözügedən qanun layihəsi Milli Məclisin dekabrın 16-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib. Yeni maddəyə görə, ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini), o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş, habelə şəhid ailəsi statusu almış şəxslərdən bu bəzi xidmətlər və hüquqi hərəkətlər üçün dövlət rüsumu tutulmur.
Qeyd edilib ki, həmin xidmətlər daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi ilə əlaqədardır.
Buraya aiddir.
- daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı reyestrdən çıxarışın, texniki sənədlərin (pasport ve plan ölçü) verilməsi;
- torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərzçəkmə işlərinin görülməsi;
- əmlak üzərində hüquqların məhdudlaşdırılmasına daşınmaz (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi,
- ipotekanın dövlət qeydiyyatına alınması, eləcə də daşınmaz əmlaka dair digər hüquqi hərəkətlər
Layihədə bildirilib ki, təklif olunan dəyişiklik sosial cəhətdən həssas əhali kateqoriyasının-müharibə ilə əlaqədar, 20 Yanvar hadisələri ilə əlaqedar, herbi xidmet vəzifələrini yerinə yetirməklə əlaqədar (o cümlədən Çernobil AES-da harbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar) əlilliyi müəyyən edilmi şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin həmin xidmatlara ve hüquqi hərəkətlərə görə dövlət rüsumundan azad olunmasını nəzərdə tutur.