Müsahibimiz AR ETN Radiasiya Problemləri İnstitutunun elmi işçisi, Mütləq tarixləndirmə üzrə mütəxəssis Aybəniz Əhədovadır.
– Arxeometriyanın bir qolu olan mütləq tarixləndirmə nədir və arxeologiyada hansı əhəmiyyət daşıyır?
– Ümumiyyətlə tarixləndirmə 2 cür olur. Nisbi və mütləq. Mütləq tarixlədirmə tapıntıların dəqiq tarixini müəyyən etmək üsuludur. Radiokarbon analizi, Termolüminisent, Optik lüminessensiya, Elektron Paramaqnit Rezonans və s. mütləq tarixləndirmə üsullarıdır. Bu metodlar arxeoloji kontekstin xronologiyasının dəqiq qurulması, mədəni təbəqələrin ardıcıllığının müəyyənləşdirilməsi, artefaktların autentifikasiyası və paleoətraf mühitin rekonstruksiyası baxımından fundamental əhəmiyyət kəsb edir.
Dünya universitetlərində, xüsusən də geokronologiya, arxeometriya, nüvə fizikası və konservasiya sahələrində radioizotop yaş təyini ayrıca bir fənn kimi tədris olunur və laborator bazaları ilə müşayiət edilir.
– Azərbaycanda mütləq yaş təyini sahəsində vəziyyət necədir? Bu istiqamətdə hansı yeniliklər var?
– Açığını desək, Azərbaycanda bu sahə uzun müddət sistemli şəkildə inkişaf etməmişdi. Lakin bizim komandanın iştirakı ilə ilk dəfə olaraq 2018-ci ildən başlayaraq radioizotop və spektroqrafik yaş təyini metodları arxeoloji materiallara tətbiq edilib və çox sayda müsbət nəticələr əldə olunub. Bu, həm milli arxeologiyanın metodoloji modernləşməsi, həm də arxeoloji xronologiyaların daha dəqiq qurulması baxımından mühüm addımdır. Hazırda ölkəmizdə bu istiqamətdə laborator potensialın təkmilləşdirilməsi, kadr hazırlığının genişləndirilməsi və sahənin universitet tədrisinə inteqrasiyası üzərində işlər gedir.
– Siz Azərbaycanda muzeyşünaslığın “Muzey kolleksiyalarının komplektləşdirilməsi, uçotu və mühafizəsi” fənni üçün ilk dərs vəsaitinin müəllifisiniz. Kitabda kolleksiyaların radiasiya təhlükəsizliyi və eləcə də rəqəmsallaşdırma məsələlərinə də toxunmusunuz. Bu barədə məlumat verə bilərsinizmi?
– Bəli, bu dərs vəsaiti Azərbaycanda ilk dəfə olaraq məhz bu fənn üçün hazırlanıb və müasir muzeyşünaslıq standartlarına əsaslanır. Burada xüsusi olaraq arxeoloji fondların radiasiya təhlükəsizliyi, artefaktların ilkin yoxlanması, ekspedisiya sonrası deaktivasiya prosedurları və saxlanc yerlərində monitorinq məsələlərinə geniş yer verilmişdir.
Ümumiyyətlə dünya praktikasında bu çox aktual mövzudur. Hər il ABŞ, Almaniya, Fransa, Yaponiya və digər ölkələrdə mədəni irsin radioloji təhlükəsizliyi üzrə beynəlxalq konfranslar keçirilir. Qısaca deyə bilərəm ki, arxeoloji artefaktlar minilliklər boyunca alfa, beta və qamma şüalanmasına məruz qala bilirlər və onların torpaq qatlarında radioaktiv çirkləndiricilərlə kontakt ehtimalı mövcuddur. Digər bir məqam, 19–20-ci əsrlərdə istifadə olunan bəzi boyalar radium tərkibli olmuş və bu əsərlər sonradan izolyasiya olunmuş konteynerlərə köçürülsə də uzun müddət muzeylərdə sərgilənmişdir. Bu birbaşa təhlükə hesab olunur. Bu səbəbdən də muzey əməkdaşları və ziyarətçilərin sağlamlığının qorunması üçün radiasiya fonu monitorinqi zəruridir. Bu səbəblə, kitabda radiasiya təhlükəsizliyinin bütün mərhələləri – artefaktın qəbulundan sərgilənməsinə qədər olan proseslər – detallaşdırılıb.
– Arxeoloji ekspedisiyalarda multidisiplinarlıq niyə vacibdir?
– Çünki arxeoloji tədqiqat artıq təkcə arxeoloqun işi deyil. Dünyada müasir konsepsiya belədir ki, ekspedisiyada arxeoloqla yanaşı tarixçi, numizmatik, etnoqraf, antropoloq, geoloq, radioloq və kimyaçı və s. da iştirak etməlidir. Bu komandalar bir yerdə qazıntı materiallarının təhlükəsizliyini, tapıntıların arxeometrik analizini, radioloji monitorinqini, konservasiya və restavrasiya üçün ilkin məlumat bazasını, artefaktın kontekstual interpretasiyasını təmin edirlər. Belə kompleks yanaşma nəticəsində tədqiqatın elmi dəyəri əhəmiyyətli dərəcədə artır, əldə olunan nəticələr çoxşaxəli, etibarlı və elmi əsaslandırılmış olur. Nəticə etibarilə bu tip araşdırmaların yekunları beynəlxalq elmi-metodoloji standartlara cavab verdiyi üçün onların nüfuzlu, elmmetrik bazalarda indeksləşən yüksək impakt faktorlu jurnallarda dərc olunma ehtimalı da əhəmiyyətli dərəcədə artır.
– Yeri gəlmişkən Gənc tədqiqatçılar arasında akademik Yusif Məmmədəliyevin elmi irsinə həsr olunmuş “Ən yaxşı məqalə” müsabiqəsinin qalibi olduğunuz üçün bu ilin dekabr ayında Fəxri Fərmanla təltif olundunuz. Təbrik edirik sizi. Az öncə qeyd etdiyiniz sahə üzrə Azərbaycanda hansı irəliləyişlər müşahidə olunur?
– Bir neçə il əvvəl bu istiqamətdə vəziyyət demək olar ki, passiv idi. Radiasiya təhlükəsizliyi prosedurlarının tətbiqi sistemsiz idi. Lakin bu sahədə ciddi irəliləyişlər var: ekspedisiyalarda bizim də iştirakımızla ilkin radiasiya yoxlaması aparılır; tapıntıların analizi üçün nümunələr yerindəcə texniki şərtlər daxilində götürülərək qablaşdırılır; muzeylərdə radiasiya fonunun ölçülməsi praktikası formalaşır; tapıntılar üzərində müxtəlif sahələrdən olan mütəxəssislər tərəfindən multidisiplinar formada tədqiqat işləri həyata keçirilərək nəticələr beynəlxalq indeksli jurnallarda dərc olunur.
– Siz kitabda rəqəmsallaşma məsələlərinə də yer vermisiniz. Bu hansı problemləri həll edir?
– “Cənab Prezident İlham Əliyevin bu il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə elm və texnologiyanın dövlət siyasətində strateji yerini təsdiqləyərək vurğuladığı kimi “ Biz süni intellekt və rəqəmsallaşma sahəsində də geri qalmamalıyıq.”
Bu şüardan irəli gələrək onu deyə bilərəm ki, rəqəmsallaşma müasir muzeyşünaslığın da əsas istiqamətlərindəndir. Kitabda da qeyd olunduğu kimi, muzey uçotu sistemlərinin rəqəmsallaşdırılması məsələsi kolleksiyaların elektron kataloqunun yaradılması, artefaktların radiasiya monitorinqi məlumatlarının və mütləq tarixləndirmə göstəricilərinin elektron bazalarda saxlanması, fondların beynəlxalq standartlara uyğun rəqəmsal idarə edilməsi, sərgi və inventar məlumatlarının asan əldə olunması, ziyarətçilər üçün virtual ekspozisiyalar və məlumat platformalarının barkodlar şəklində yaradılması kimi üstünlükləri təmin edir. Rəqəmsallaşma həm təhlükəsizlik, həm şəffaflıq, həm də elmi tədqiqat baxımından vacibdir. Bir çox ölkədə radiasiya təhlükəsizliyi üzrə göstəricilər də məhz rəqəmsal uçot sistemlərinə inteqrasiya olunur. Bu, artefaktın tarixçəsinin və risk qruplarının dinamik monitorinqi üçün müasir yanaşmadır.
– Son olaraq, bu sahənin Azərbaycanda gələcək inkişafı üçün hansı addımlar vacibdir?
– Məncə, üç əsas istiqamətdə inkişafı prioritet saymaq lazımdır:
- Tədris proqramlarının genişləndirilməsi istiqamətində arxeometriya, mütləq tarixləndirmə və muzey radioloji təhlükəsizliyi ali məktəblərdə ayrıca fənn kimi tədris olunmalıdır.
- Laborator infrastrukturunun təkmilləşdirilməsi istiqamətində dünya standartlarına cavab verən geoxronologiya laboratoriyalarının formalaşdırılması vacibdir.
- Normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində muzeylərdə radioloji təhlükəsizlik standartlarının beynəlxalq tələblərə uyğunlaşdırılması tələb olunur.
Əminəm ki, bu istiqamətlər üzrə ardıcıl iş aparılsa, Azərbaycan bu sahədə regionda lider mövqeyə çıxa bilər.