AZ

Ulu Öndərin əziz xatirəsi ürəklərdə əbədi yaşayacaq

Zaqatala, 12 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında müstəqil və suveren dövlətin qurucusu, cəsur insan, böyük vətəndaş kimi qalıb. O, Azərbaycanın ən yeni tarixində müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan milli inkişaf strategiyasının müəllifidir. Bu gün Azərbaycanın əldə etdiyi bir çox uğurlar Ulu Öndərin adı ilə bilavasitə bağlıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Zaqatala rayonunda dahi rəhbərə sonsuz məhəbbət və ehtiram hissi ilə anılıb.

Dekabrın 12-də rayon icra hakimiyyətinin, hüqquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, ağsaqqal və gənclər, sadə insanlar səhər saatlarından başlayaraq Zaqatala şəhərindəki mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev Azərbaycan Konstitusiyasının banisidir” mövzusunda elmi-praktik konfransın əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndərə həsr edilmiş film nümayiş olunub.

Konfransda çıxış edən Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova zəngin və mənalı həyatını Vətəninə, xalqına həsr edən Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışıb. Bildirilib ki, Heydər Əliyev tarixin ən çətin və mürəkkəb ictimai-siyasi şəraitində xalqımızı zamanın qasırğalarından qoruyub çıxarmağı və irəli aparmağı bacarıb. Müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyev xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyub.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin dünyasını dəyişməsindən 22 il ötür. Bu 22 ilin elə bir anı yoxdur ki, böyük rəhbərin nurlu irsini, nəcib əməllərini xatırlatmamış olaq. Qurub-yaratdığı Azərbaycan dövlətinin var olduğu bütün zamanlar Ümummilli Liderin də əbədiyaşarlığı deməkdir. Danılmaz həqiqətdir ki, müasir dövlətçilik tariximizin taleyüklü məqamları və ən böyük uğurları dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider bütün ömrünü Azərbaycan naminə fəda etmiş böyük şəxsiyyətdir. Məhz dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərinə görə hər bir azərbaycanlı öz qəlbində Heydər Əliyevə abidə ucaldıb.

Konfransda Milli Məclisin deputatı Asif Əsgərov, rayon prokuroru Qabil Səfərov, YAP rayon təşkilatının sədri Fərid Ramazanov, Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov çıxış edərək, Ulu Öndərin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən ətraflı söz açıblar. Vurğulanıb ki, bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla reallaşdırır. Son illərdə əldə etdiyimiz möhtəşəm nailiyyətlər əminliklə deməyə əsas verir ki, Ümummilli Liderin müəyyənləşdirdiyi və həyata keçirdiyi müdrik siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir.

Həmin gün rayon icra hakimiyyəti tərəfindən şəhid ailələri, qazilər, din xadimləri və aztəminatlı ailələr üçün ehsan süfrəsi də açılıb.

Seçilən
75
azertag.az

1Mənbələr