AZ

Azərbaycanı LEYSAN VURDU – Bahalıq olacaq, ya…

Leysan yağışlar kənd təsərrüfatına həm müsbət, həm də mənfi təsir göstərir. Faydalıdır, çünki bitkiləri normal şəkildə sulayır (xüsusən taxıllar), su çatışmazlığını aradan qaldırır, yem bitkilərinin inkişafına kömək edir, lakin həddindən artıq olduqda sel yaradır, əkinləri, bağları yuyur, torpağın eroziyasına səbəb olur, bəzən çiçək açan bitkilərin mayalanmasını pozur, nəticədə məhsul itkisi baş verir və təsərrüfatlara ciddi ziyan vurur.

Məsələ ilə bağlı  NOCOMMENT.az-a danışan kənd təsərrüfatı eksperti Cəfər İbrahimli bildirib ki, builki hava şəraiti son 5 ilin kənd təsərrüfatı üçün ən əlverişli dövrüdür:

“Kifayət qədər yağış və qar yağıb, su ehtiyatları dolub və bu da həm yaz əkinlərinin suvarılmasına, həm də bitkilərin su təminatına müsbət təsir göstərəcək. Azərbaycanda payız əkini əsasən arpa və buğdadan ibarətdir. Hazırkı yağışların bu əkinlərə ciddi mənfi təsiri yoxdur. Taxıl bitkilərinə yağışın zərər verməsi əsasən çiçəkvermə dövründə baş verir ki, ölkənin böyük əksər ərazilərində bu dövr hələ başlamayıb. Buna görə də taxılçılıq üçün vəziyyət müsbətdir. Xüsusilə dəmiyə ərazilərdə yağışların məhsuldarlığa təsiri daha çox nəzərə çarpır.

Hazırda yazlıq əkin mövsümü başlayır və əsasən aprelin əvvəlindən həyata keçirilir. Əgər yazlıq əkin aparılıbsa, yağıntı bu bitkilər üçün də faydalıdır, çünki həm suvarmanı təmin edir, həm də bitkilərin çıxışını yaxşılaşdırır. Bu baxımdan yaz əkinləri üçün də ciddi mənfi fəsad görmürəm”.

Ekspert bildirib ki, yeganə mənfi təsir meyvə bağçılığı sahəsində ola bilər:

“Çiçək dövründə olan bağlarda güclü külək çiçəklərin tökülməsinə, intensiv yağış isə tozlanmanın zəifləməsinə səbəb olaraq məhsuldarlığın azalmasına gətirib çıxara bilər. Ümumilikdə isə mövsümi baxımdan kənd təsərrüfatı üçün ciddi təhlükə görünmür. Yenə də aqro-sığorta fondu son günlərin hava hadisələrindən sonra baş verən mümkün zərərlərlə bağlı qiymətləndirmə aparacaq. Hələlik genişmiqyaslı fəsad qeydə alınmayıb”, – ekspert yekunlaşdırıb.

Seçilən
31
nocomment.az

1Mənbələr