AZ

Mərkəzləşmiş elektron karyera məsləhəti xidmətləri yaradılacaq

 

Bakı, 12 dekabr, AZƏRTAC

“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”ya əsasən, İKT sahəsində karyera inkişafını dəstəkləmək üçün mərkəzləşmiş elektron karyera məsləhəti xidmətləri yaradılmaqla, istifadəsi təşviq ediləcək.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi, habelə İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 1 mərkəzləşmiş elektron karyera platformasının istifadəyə verilməsi, 2 min gəncin müvafiq platforma vasitəsilə fərdi karyera məsləhəti alması, platforma dəstəyi alan gənclərin İKT sahəsində işlə təmini göstəricisinin artması təmin ediləcək”,- deyə məlumatda bildirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” təsdiq edilib. Strategiya ölkədə sahibkarlıq sahəsində rəqəmsal infrastrukturun genişləndirilməsi və transformasiyanın sürətləndirilməsini, iqtisadiyyatın rəqabətliliyinin yaxşılaşdırılmasını, innovasiya əsaslı inkişafın təşviqini, rəqəmsal bacarıqların gücləndirilməsini, eləcə də rəqəmsal iqtisadi fəaliyyətlərin dayanıqlığının artırılmasını, ümumilikdə ölkəmizin regional rəqəmsal mərkəzə çevrilməsini hədəfləyir.

 

Seçilən
97
azertag.az

1Mənbələr