Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov iqtisadiyyat.az-a açıqlamasında deyib ki, indiyə qədər əməkhaqqının hesablanması qaydası, o cümlədən, vergi hesabatlılığı ayda bir dəfə həyata keçirilirdi.
Onun sözlərinə görə, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə isə bunun iki dəfə həyata keçirilməsi təsbit olunur.
Deputat bu yeni qaydanın ailə büdcəsinin planlaşdırılması baxımdan da çox əhəmiyyətli olduğunu vurğulayıb.
O həmçinin söyləyib ki, bu həm də beynəlxalq təcrübədə tətbiq edilən metodlardan biridir və bu istiqamətdə proqram təminatının da təkmilləşdiriləcəyi gözlənilir: “Çünki vergilərin hesablanması və təqdim olunması üçün proqram təminatının təkmilləşdirilməsinə ehtiyac var. Təbii ki, bu da ailənin öz xərclərinin planlaşdırması və onların sosial aspekti üçün önəmlidir. Nəticədə əməkhaqqının daha səmərəli istifadə olunmasına və ailə büdcəsində xərclərin planlaşdırılmasına gətirib çıxara bilər. Digər tərəfdən bu, işçilər üçün, xüsusi olaraq büdcənin planlaşdırılması ilə yanaşı, həmçinin beynəlxalq təcrübəyə uyğun dəyişiklikdir”.
***
Aylıq əməkhaqları iki dəfə veriləcək.
Redaktor.az xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər.