AZ

Nəqliyyat eksperti Raqif Raufoğlu: Ölkəyə gələn avtomobillərin üçüncü ölkələrə satış imkanları təmin olunmalıdır”

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gürcüstan üzərindən Azərbaycana gətirilən avtomobillərin qiyməti bahalaşa bilər. Gürcüstanın Daxili İşlər Nazirliyinin Xidmətlər Agentliyinin hazırladığı qanun layihəsinə görə, bu ölkədə xarici ölkə vətəndaşlarının alacağı və yaxud təkrar ixrac edəcəyi nəqliyyat vasitələri ilə bağlı rüsumlar artırılacaq. Mövcud qaydalara görə, tranzit nömrə üçün rüsum 50 laridən 370 lariyə qaldırılır. Bu isə indiki hesabla 32 manat əvəzinə 233 manat deməkdir. Bundan əlavə, avtomobillərin ekspertiza aktının hazırlanması da 100 laridən 180 lariyə, yəni 63 manatdan 113 manata qaldırılır. Eyni zamanda ixrac üçün gömrük bəyannaməsinin doldurulmasına görə ödəniş 130 laridən 200 lariyə qaldırılır ki, bu da təxminən 126 manat olacaq. Mənbə: fed.azGürcüstanda xarici vətəndaşların avtomobil alışı və ixracı üçün rüsumların artırılması Azərbaycana gətirilən avtomobillərin qiymətinə necə təsir edəcək?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, həm Gürcüstandan, həm də Çindən avtomobil gətirilməsinin çətinləşməsi yerli bazara müəyyən qədər canlanma gətirə bilər.

Raqif Raufoğlu

“Hazırda əvvəlki dövrlərlə müqayisədə Gürcüstandan birbaşa avtomobil seçib alma halları xeyli azalıb. Bu proses artıq əvvəlki qədər aktuallığını itirib. Çünki bazara Çin və eyni zamanda bir az da ABŞ-dən gətirilən avtomobillər daha çox daxil olub. Gürcüstan üzərindən tranzit şəklində keçidlər hələ də mövcuddur, lakin bu zaman göstərilən rüsum və xərclər çox az hallara şamil edilir. Məsələn, yalnız ABŞ-dən avtomobil gətirən şəxs onu əvvəl Potiyə gətirir, daha sonra Azərbaycana daxil edərkən müəyyən rüsumlar tətbiq oluna bilər. Lakin ümumilikdə bu dəyişikliklərin bazara əhəmiyyətli təsiri gözlənilmir. Ekspertiza və digər prosedurlar isə əksər hallarda tələb olunmur.

Ümumiyyətlə, hazırda həm Çindən gətirilən avtomobillər, həm də digər ölkələrdən idxal edilən nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinin çətinləşdirilməsi, yəni bəzi güzəştlərin ləğvi və rüsum artımları daxili bazar üçün müsbət hesab oluna bilər. Düşünürəm ki, bu prosesin davam etməsinə ən azı 1-2 il ehtiyacımız var. Çünki ikinci əl avtomobil bazarı demək olar ki, durğun vəziyyətdədir. Həm Gürcüstandan, həm də Çindən avtomobil gətirilməsinin çətinləşməsi yerli bazara müəyyən qədər canlanma gətirə bilər. Son iki ildə, xüsusilə də bu il, əhəmiyyətli məbləğdə vəsait ölkədən xaricə axıb. Bu da daxildə vətəndaşların bir-birinə avtomobil satmaq imkanını çətinləşdirib. Ona görə də, daxili bazarın qorunması üçün bu məhdudiyyətlər müvəqqəti olaraq faydalı ola bilər. Ölkə daxilində insanlar bir-birindən çox nadir hallarda avtomobil alır. Çoxları düşünür ki, həmin pula xaricdən - daha münasib qiymətə və ya daha yeni avtomobil almaq olar. Bu yanaşma daxili bazar üçün olduqca zərərlidir.

Ümumilikdə, Azərbaycanda bu məsələdə Gürcüstan modeli kimi bir sistemə ehtiyac var, yəni ölkəyə gələn avtomobillərin üçüncü ölkələrə satış imkanları təmin olunmalıdır. Bu, hələ ki, bizdə problem olaraq qalır və səbəbləri çoxdur - bu isə ayrı bir mövzudur. Düşünürəm ki, hökumət buna yönəlik konkret addımlar atmalıdır. Çünki məqsəd ondan ibarət olmalıdır ki, vəsait ölkədə qalsın və ölkədaxili dövriyyəyə daxil olsun. Məsələn; mən avtomobil alıramsa, həmin pulu xaricə deyil, yerli satıcıya ödəyim. Çünki vəsait ölkədə dövr etdikcə, bu, iqtisadiyyat üçün daha faydalı olur. Əks halda, bu il olduğu kimi, pulların böyük hissəsi xaricə axır və bu, bütün sahələrdə öz mənfi təsirini göstərir”-deyə nəqliyyat eksperti Raqif Raufoğlu qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
icma.az

1Mənbələr