Dekabrın 12-də Rusiya Prezidenti Vladimir Putin Aşqabadda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşüb.
Senzor.az Rusiya mediasına istinadən bildirir ki, danışıqlar Görüş Sülh və Etimad Beynəlxalq Forumu çərçivəsində bağlı qapılar arxasında keçirilib və mətbuata heç bir açıqlama verilməyib.
Rusiya nümayəndə heyətinə Baş nazirin müavini Aleksandr Novak, Rusiya Federasiyası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov, Prezidentin mətbuat katibi Dmitri Peskov və Tatarıstanın başçısı Rüstəm Minnixanov daxil olublar.
Dmitri Peskovun sözlərinə görə, Rusiya və Türkiyə liderləri danışıqları məhdud tərkibdə, nümayəndə heyətlərinin iştirakı olmadan davam etdiriblər.
Danışıqlarda Ukrayna mövzusu, regional və beynəlxalq məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılıb.
D.Peskov həmçinin bildirib ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlər müəyyən məsələlərə baxmayaraq, ümumilikdə müsbət inkişaf edir, onların çoxplanlı və şaxələndirilmiş xarakteri, xüsusən də ticarət və iqtisadi sahələrdə xarici təzyiqlərin öhdəsindən gəlməyə imkan verir.
Danışıqların gündəliyində böyük birgə layihələr, o cümlədən Türkiyə tərəfinin müəyyən edilmiş müddətdə istifadəyə verilməsini gözlədiyi “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi də var.
Türkiyə Prezident Administrasiyası yanında Əlaqələr İdarəsinin məlumatında isə deyilir ki, Ərdoğan Ukrayna-Rusiya müharibəsinə ədalətli və davamlı sülhün bərqərar olması yolu ilə son qoyulmasına yönəlmiş səylərin böyük dəyərə malik olduğunu bildirib. O, həmçinin hər iki tərəf üçün praktiki fayda verən sahələrdə irəliləyiş əldə etmək ehtimalına əminliyini ifadə edərək, əsasən enerji obyektləri və limanlarını əhatə edən məhdud atəşkəsin faydalı ola biləcəyini qeyd edib.
Ərdoğan bildirib ki, Türkiyə müharibəyə son qoyulmasına yönəlmiş danışıqlar prosesini yaxından izləyir və bu kontekstdə bütün formatlarda danışıqları qəbul edə bilər.
Bundan əlavə, görüşdə Fələstin və Suriyadakı son vəziyyət, eləcə də Cənubi Qafqazdakı sülh prosesi müzakirə olunub.