AZ

Azərbaycan-Macarıstan münasibətləri yeni mərhələdə

Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərində Macarıstanla əməkdaşlıq xüsusi yer tutur. Dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli əlaqələrin daha da genişləndirilməsi hər iki tərəf üçün prioritet hesab olunur. Prezident İlham Əliyevin  xarici siyasət kursunda Macarıstanla yaradılmış güclü siyasi dialoq və strateji əməkdaşlıq sayəsində əlaqələr yeni mərhələyə daxil olub. 2014-cü ildə imzalanmış “Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, eləcə də  2023-cü ildə qəbul edilən “Azərbaycan ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” münasibətləri ən yüksək zirvəyə yüksəldib.

TDT müstəvisində əlaqələr güclənir

Hər zaman müstəqillik və suverenlik prinsiplərindən çıxış edən ölkələrimiz müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirlər. Yeni geosiyasi və geoiqtisadi reallıqlar şəraitində Azərbaycan Macarıstanın enerji təhlükəsizliyinin təmin olunmasında yer alan dövlətə çevrilib. Öz növbəsində dost ölkə respublikamızın Avropa İttifaqı ilə inteqrasiyasının genişlənməsinə güclü siyasi dəstək göstərir. Ölkələrimiz arasında əlaqələrin güclənməsində liderlərin dostluq münasibətləri də xüsusi rol oynayır.

Azərbaycanla Macarıstanın münasibətləri isə həm dövlət maraqlarına, həm cəmiyyətlərin qarşılıqlı rəğbətinə, həm də tarixə bağlıdır. Türk kökənliyi iki ölkəni və xalqı bir araya gətirən ən etibarlı bağdır. Azərbaycan getdikcə qlobal güc mərkəzlərindən birinə çevrilməkdə olan Türk Dövlətləri Təşkilatının (TDT) əsasının qoyulmasında mühüm rol oynayan dövlətlərdən biridir və hazırda da qurumun funksionallığının artmasına sanballı töhfələr verir. Macarıstan isə  2018-ci ildən etibarən TDT-da müşahidəçi statusuna malikdir və son illərdə təşkilatla əlaqələrini daha da gücləndirib. Xatırladaq ki, bu ilin may ayında Prezident İlham Əliyev TDT-nin Macarıstanda keçirilən qeyri-rəsmi sammitində, bu ölkənin Baş naziri Viktor Orban isə oktyabrda təşkilatın ölkəmizdə baş tutmuş 12-ci Zirvə Görüşündə iştirak ediblər. Bütün bunlar iki ölkə arasında həm ikitərəfli, həm də beynəlxalq platformalar müstəvisində genişlənən əlaqələrin göstəricisidir.

Ceyhun Bayramovun Macarıstan səfəri...

Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu günlərdə Macarıstanda işgüzar səfərdə olub. Dekabrın 11-də Ceyhun Bayramov Macarıstan Prezidenti Tamaş Şuyokla görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı Azərbaycan və Macarıstan arasında dostluq, qarşılıqlı hörmət və sıx əməkdaşlığa əsaslanan strateji tərəfdaşlığın inkişafı məmnunluqla qeyd edilib.Yüksəksəviyyəli qarşılıqlı səfərlərin, daimi siyasi dialoqun, xalqlar arasında təmasların, ölkələrimiz arasında humanitar əlaqələrin vacibliyi vurğulanıb. Bununla yanaşı, sentyabrın 5-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclasının nəticələrinin münasibətlərin inkişafına əlavə təkan verdiyi bildirilib.

Görüşdə Macarıstanın xüsusilə enerji sahəsi olmaqla, ölkəmizdə 3-cü böyük investor olduğu qeyd edilib, eləcə də, əczaçılıq və bir sıra digər istiqamətlərdə sərmayə planları nəzərdən keçirilib. Hava nəqliyyatı sahəsində əməkdaşlığın inkişafından məmnunluq qeyd edilib, yaşıl enerji, tranzit-kommunikasiya, təhsil təqaüdlərinin verilməsi və digər istiqamətlərdə işlərin əhəmiyyəti diqqətə çatdırılıb. Beynəlxalq platformalar - BMT, Türk Dövlətləri Təşkilatı, Avropa institutları çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclası keçirilib

Azərbaycanın XİN başçısı Macarıstana səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto ilə də görüşüb. Nazirlər arasında təkbətək görüşdən sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclası keçirilib. İclas zamanı iki ölkə arasında mövcud əməkdaşlığın vəziyyəti, həyata keçirilən birgə layihələr, habelə ikitərəfli və çoxtərəfli formatlarda gələcək əməkdaşlıq perspektivləri ətraflı müzakirə olunub.

Azərbaycan-Macarıstan münasibətlərinin dostluq, əməkdaşlıq və genişləndirilmiş strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyi, dövlət və hökumət başçıları səviyyəsində müntəzəm təmasların, yüksək səviyyəli qarşılıqlı səfərlər və davamlı siyasi dialoqun münasibətlərin dərinləşməsində mühüm rol oynadığı vurğulanıb. Son 30 il ərzində ikitərəfli ticarət və investisiyalar istiqamətləri üzrə əməkdaşlığın inkişaf dinamikası nəzərdən keçirilib. İqtisadi tərəfdaşlığın mövcud potensiala tam cavab verməsi üçün birgə səylərin artırılmalı olduğu bildirilib, bu çərçivədə Azərbaycan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının iclaslarının əhəmiyyəti diqqətə çatdırılıb. Ənənəvi və bərpaolunan enerji, istehsal, əczaçılıq, ətraf mühitin qorunması, rəqəmsallaşma işləri, nəqliyyat və logistika sahələrində yeni tərəfdaşlıq imkanları müzakirə edilib. Macarıstanın Azərbaycanın enerji sektoruna investisiyaları və rolu məmnunluqla qeyd olunub.

Eləcə də, humanitar sahədə əməkdaşlıqdan məmnunluq ifadə olunub, azərbaycanlı və macar tələbələr üçün nəzərdə tutulan təqaüd proqramları yüksək qiymətləndirilib, iki ölkənin aparıcı universitetləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və qarşılıqlı olaraq dil və mədəniyyət mərkəzlərinin yaradılmasının əhəmiyyəti vurğulanıb. Beynəlxalq əməkdaşlıq və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb. BMT, bir sıra Avropa institutları və Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan və Macarıstan arasında mövcud sıx və konstruktiv əməkdaşlıq məmnunluqla qeyd edilib. Macarıstanın Türk Dövlətləri Təşkilatının və bütövlükdə türk dünyasının gücləndirilməsinə verdiyi töhfə xüsusi vurğulanıb. Beynəlxalq təşkilatlar çərçivəsində və iki ölkənin namizədliklərinə qarşılıqlı dəstəyə görə təşəkkür ifadə olunub.

C.Bayramov Ermənistanla sülh və dövlətlərarası münasibətlərin qurulması istiqamətində atılan son addımlar barədə həmkarını məlumatlandırıb. Cari ilin avqustunda tarixi Vaşinqton Zirvəsində əldə olunmuş razılaşmaların sülhə aparan yolda mühüm mərhələ olduğu bildirilib. Eyni zamanda, yekun sülh sazişinin imzalanması üçün Ermənistanın konstitusiya səviyyəsində Azərbaycana qarşı ərazi iddialarının ləğvinin vacibliyi vurğulanıb.

Anlaşma Memorandumu imzalanıb

Görüş zamanı işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə danışılıb. Macarıstan tərəfinin Cəbrayıl rayonunun Soltanlı kəndinin bərpası və digər layihələrdə iştirakı yüksək qiymətləndirilib. Mina təhlükəsinin bərpa proseslərinə və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışına ciddi maneə yaratdığı diqqətə çatdırılıb.

Daha sonra nazirlər Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Macarıstanın Enerji Nazirliyi arasında Ətraf mühitin qorunması üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu sənədini və Azərbaycan-Macarıstan Strateji Dialoqunun 3-cü iclasının protokolunu imzalayıblar.

Sonda birgə mətbuat konfransı zamanı nazirlər iclasın nəticələri barədə bəyanatlarla çıxış edib, media nümayəndələrinin suallarını cavablandırıblar.

Nardar BAYRAMLI

Seçilən
7
1
yeniazerbaycan.com

2Mənbələr