AZ

Brüsselin etirazlarına baxmayaraq Macarıstan atom energetikasını inkişaf etdirir

Budapeşt, 13 dekabr, AZƏRTAC

Macarıstanda Pakş Atom Elektrik Stansiyasının genişləndirilməsi nəzərdə tutulan müddətdən daha sürətlə həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bunu ölkənin xarici iqtisadi əlaqələr və xarici işlər naziri Peter Siyarto bəyan edib.

Onun sözlərinə görə, işlərin sürətlə aparılması ilk beton tökümü üçün zəruri olan dəmir-beton konstruksiyanın tikintisinə daha tez başlanmasına imkan verib. Nazir vurğulayıb ki, layihə tələb olunan bütün icazələrlə təmin olunub, ABŞ və Avropa tərəfindən tətbiq edilən sanksiyalar isə onun icrasına mane olmur.

Peter Siyarto qeyd edib ki, iki yeni enerji blokunun inşası Macarıstanın uzunmüddətli enerji təhlükəsizliyinin təmin edilməsinə və kommunal xərclərin azaldılması siyasətinin qorunub saxlanılmasına mühüm töhfə verəcək. İlk beton tökümünün fevralın 5-nə planlaşdırıldığını bildirən nazir əlavə edib ki, hazırlıq işləri artıq qrafiki qabaqlayır. Layihədə Macarıstan şirkətləri fəal iştirak edir ki, bu da milli iqtisadiyyatın inkişafına töhfə verir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Seçilən
37
azertag.az

1Mənbələr