Banqkokda Azərbaycan və Tailand xarici işlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib.
Aznews.az xəbər verir ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə bu ölkədə 11-12 dekabrda səfərdə olan xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edib.
Tailand Krallığının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Vijavat İsarabhakdi rəhbərlik edib.
Məsləhətləşmələr zamanı "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Tailand Krallığının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu" imzalanıb.
Daha sonra iki ölkə arasında siyasi, iqtisadi-ticarət, mədəniyyət və turizm sahələrində əlaqələrin hazırkı durumu və gələcək inkişaf perspektivləri müzakirə olunub.
Tailand Krallığının xarici işlər naziri Sihasak Phuanqketkeov ilə keçirilmiş görüşdə iki ölkə arasında siyasi münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, Səfirliyin açılışının və ilk siyasi məsləhətləşmələrin müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyi bildirilib.