AZ

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi eyni anda bir neçə strateji marşrutu birləşdirir

Zəngəzur dəhlizi – bir neçə marşrutu özündə birləşdirən genişmiqyaslı layihədir.

"Hurriyyet.Az" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Polşanın "TVP World" telekanalına verdiyi müsahibəsində bildirib.

O xatırladıb ki, "Tramp Marşrutu" (TRIPP) – cari ilin avqustunda Vaşinqton sammitinin nəticələri üzrə həyata keçirilməsi barədə razılıq əldə olunmuş layihə – Zəngəzur dəhlizinin bir hissəsidir.

"Zəngəzur dəhlizi bir neçə məqsədə eyni anda nail olmağa imkan verəcək. İlk növbədə, o, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək. Bu marşrut həmçinin üç onillikdən sonra Ermənistanı və Azərbaycanı birləşdirəcək. Bundan əlavə, o, Asiyadan Avropaya alternativ marşrutlardan biri olacaq. Söhbət Asiya və Avropa arasında ticarət həcmlərinin hər iki istiqamətdə artmasına imkan verəcək mühüm nəqliyyat əlaqəsi halqasından gedir. Biz Cənubi Qafqazda möhkəm sülhün bərqərar olmasını istədiyimiz üçün, hər iki tərəf – Bakı və İrəvan – ABŞ-nin vasitəçiliyi ilə bu sülhün bərabər iqtisadi fayda və nəzərəçarpan nəticələr gətirməsi barədə razılığa gəldi. Düşünürəm ki, nəticə etibarilə bu, Ermənistan və Azərbaycan arasında müəyyən iqtisadi qarşılıqlı asılılığa gətirib çıxaracaq və onlar, məncə, vahid iqtisadi məkan kimi fəaliyyət göstərə bilərlər", – o qeyd edib.

Xüsusi nümayəndənin sözlərinə görə, 2025-ci il Bakı və İrəvan arasında münasibətlərdə, daha geniş mənada isə bütün Cənubi Qafqaz üçün dönüş ili kimi tarixə düşəcək.

"Üç onillik münaqişə, rəqabət və qarşıdurmadan sonra Ermənistan və Azərbaycan sülh yaratmağa qərar verdilər. 8 avqust Vaşinqton sammiti liderlərin möhkəm və dönməz sülhə sadiqliklərini təsdiqlədiyi son dərəcə mühüm an oldu. Biz hesab edirik ki, bu, uzunmüddətli münasibətlərin yalnız başlanğıcıdır.

Münaqişənin əsas səbəbi – Ermənistan tərəfinin Azərbaycana ərazi iddiaları – aradan qaldırıldı. Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Bakı Ermənistan tərəfinə sülh sazişi layihəsi üzərində işə başlamağı təklif etdi. 2 il yarımlıq müzakirələrdən sonra, 2025-ci ilin martında tərəflər sülh sazişi layihəsinin mətnini razılaşdırdılar", – E.Əmirbəyov vurğulayıb.

O əlavə edib, Vaşinqton sammiti zamanı Azərbaycan, Ermənistan və ABŞ liderləri bütün üç tərəfə uğurlu iqtisadi nəticələrə gətirəcək mühüm razılaşmalara nail olublar. \\Ölkə.az

 

Seçilən
18
19
hurriyyet.az

10Mənbələr