Kaliforniyada çalışan psixiatrlar süni intellektlə intensiv ünsiyyətin ağır psixi pozuntulara yol aça biləcəyi barədə ciddi xəbərdarlıq ediblər.
"Ölkə.az" xəbər verir ki, mütəxəssislər 26 yaşlı bir qadınla bağlı narahatedici klinik hadisəni təsvir ediblər.
Depressiya və DEHB (Diqqət Əskikliyi və Hiperaktivlik Pozuntusu) diaqnozu olan gənc qadın süni intellekt botu ilə uzunmüddətli ünsiyyətdən sonra psixiatriya klinikasına yerləşdirilib. O, “çat” vasitəsilə vəfat etmiş qardaşı ilə ünsiyyət qurduğuna inanıb. Təcili hospitalizasiyadan sonra psixoz əlamətlər aradan qalxıb.
Lakin üç ay sonra vəziyyət təkrar olunub. Qadın dərman qəbulunu dayandırıb, yenidən süni intellektlə aktiv ünsiyyətə başlayıb və nəticədə bir daha psixiatriya xəstəxanasına düşüb.
Həkimlərin vurğuladığı əsas məqam budur ki, problem təkcə pasiyentin psixoloji həssaslığında deyil. Nevroşəbəkələrin istifadəçinin eşitmək istədiyini təsdiqləyən davranış modeli də risk faktorudur.
Bu cür ünsiyyət reallıqla xəyali dünya arasındakı sərhədləri zəiflədə bilər.
Təcrübəli mütəxəssislər hesab edir ki, süni intellektlə psixoloji cəhətdən həssas şəxslərin nəzarətsiz ünsiyyəti gələcəkdə daha ciddi tibbi və etik problemlər yarada bilər.(Musavat.com)