Bakı, 14 dekabr, AZƏRTAC
Fransa Gürcüstanda keçirilən "Uşaq Avroviziyası 2025" mahnı müsabiqəsinin qalibi olub.
AZƏRTAC xəbər verir ki, Lu Deluiz münsiflər heyətindən 152 bal, onlayn səsvermə nəticələrinə əsasən isə 96 bal toplayaraq birinci yerə yüksəlib.
Müsabiqənin yekun nəticələrinə görə, Azərbaycanı yarışmada təmsil edən Yağmur Nəsrullayeva 15-ci yeri tutub.
Səsvermənin mərhələləri maraqlı və diqqətəlayiq məqamları üzə çıxarıb. Onlayn tamaşaçı səsverməsinə (televoting) görə Azərbaycan təmsilçisi 54 xal toplayaraq 8-ci yeri İspaniya ilə paylaşıb. Bu, ifanın canlılığı, pozitiv ruhu və uşaq auditoriyasına xitab edən üslubunun tamaşaçılar tərəfindən yüksək qiymətləndirildiyini göstərir.
Eyni zamanda, peşəkar münsiflər heyətinin verdiyi xallar ilə tamaşaçı səsverməsi arasında müəyyən fərqlər müşahidə olunub. Münsiflər heyətindən Azərbaycan 12 xal qazanıb: Albaniya münsif heyətindən 2 xal, Malta münsif heyətindən 7 xal, Niderland münsif heyətindən isə 3 xal alınıb.
Səhnəni Yağmurla birlikdə paylaşan Əli Ocaqverdi, Melisa Soltanova və Nərgiz Nəsibova da parlaq çıxışları ilə tamaşaçıların rəğbətini qazanıblar. Xoreoqrafiya Emin Useynov tərəfindən hazırlanıb, səhnə quruluşu danimarkalı mütəxəssis Mads Enggaarda, səhnə geyimləri isə dizayner Leyli Polayevaya məxsusdur.
Beynəlxalq müsabiqələrdə səsvermə mexanizmlərinin müxtəlifliyi və fərqli baxış bucaqları nəticələrin rəngarəng olmasını təmin edir. Bu kontekstdə tamaşaçıların yüksək dəstəyi göstərir ki, Azərbaycan təmsilçisi müsabiqənin ruhuna uyğun olaraq geniş auditoriyaya çata bilib və öz missiyasını uğurla yerinə yetirib.
Azərbaycan üçün “Uşaq Avroviziya” müsabiqəsində əsas məqsəd istedadlı uşaqlarımızı beynəlxalq səhnələrə hazırlamaq, onların təcrübəsini artırmaq və tanıtmaqdır. Bu baxımdan Yağmurun çıxışı ölkəmiz üçün əhəmiyyətli bir uğur hesab olunur.