Hələlik heç bir ölkə ABŞ-a beynəlxalq sabitləşdirmə qüvvələrinin tərkibində Qəzza zolağına qoşun yerləşdirməyə razılıq verməyib.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, bu həftənin əvvəlində ABŞ Dövlət Departamenti sabitləşdirmə qüvvələrinə hərbi və ya maliyyə dəstəyi göstərilməsi ilə bağlı 70-dən çox ölkəyə rəsmi sorğu göndərib. Hesabatda bildirilir ki, Vaşinqton İtaliya və Fransa kimi yaxın müttəfiqlərlə yanaşı, Malta və Salvador da daxil olmaqla daha kiçik ölkələrlə də əlaqə saxlayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir sıra Yaxın Şərq ölkələri ABŞ-la Qəzzada sülhməramlı səylərin maliyyələşdirilməsi məsələsini müzakirə edirlər. Adı açıqlanmayan ABŞ rəsmisinin sözlərinə görə, 19 ölkə qoşun göndərmək və ya digər formada dəstək göstərməkdə maraqlı olduğunu bildirib. Lakin nəşr qeyd edir ki, sabitləşdirmə qüvvələrinin mandatına HƏMAS hərəkatının silahlı üzvlərinin tərksilah edilməsi ehtimalının daxil edilməsi riski səbəbindən hələlik heç bir xarici ölkə konkret öhdəlik götürməyib.