AZ

Yuxu zamanı oksigen çatışmazlığı ürək xəstəliklərinə yol aça bilər

BAKI, 14 dekabr. TELEQRAF

Yuxu zamanı nəfəsin tez-tez dayanması ilə müşayiət olunan xəstəlik vaxtında müalicə edilmədikdə ürək-damar sisteminin daha sürətli qocalmasına və vaxtından əvvəl ölüm riskinin artmasına səbəb ola bilər.

Teleqraf xəbər verir ki, ABŞ-nin Missuri və Marşall universitetlərinin alimləri bu nəticəyə gəliblər. Araşdırma npj Aging jurnalında dərc olunub.

Mütəxəssislər yuxu apnoesini (insan yatarkən nəfəsin qısa müddətlik dayanması və qanda oksigenin azalması ilə müşayiət olunan vəziyyəti) uzunmüddətli təcrübədə araşdırıblar. Bu problem yuxu zamanı orqanizmin vaxtaşırı oksigensiz qalmasına səbəb olur.

Tədqiqat göstərib ki, uzun müddət oksigen çatışmazlığı yaşayan orqanizmdə ölüm riski artır. Eyni zamanda arterial təzyiq yüksəlir, ürəyin işi zəifləyir, damarlar elastikliyini itirir və ürəyin qanla təminatı pisləşir. Bu dəyişikliklər ürək-damar sisteminin normaldan daha tez qocalmasına gətirib çıxarır.

Alimlərin sözlərinə görə, bu xəstəliyin ziyanı yalnız pis yuxu ilə məhdudlaşmır. Təkrarlanan oksigen çatışmazlığı orqanizmdə daimi gərginlik yaradır və zamanla ürəyin quruluşu və fəaliyyətinə ciddi zərər vurur.

Tədqiqatın müəllifləri vurğulayıblar ki, yuxu zamanı nəfəsin dayanması təhlükəsiz hal deyil və vaxtında aşkar olunub müalicə edilməzsə ağır nəticələrə səbəb ola bilər. Erkən diaqnoz və müalicə isə ürək xəstəlikləri riskini azaltmağa və ömrü uzatmağa kömək edə bilər.

Seçilən
77
2
teleqraf.com

3Mənbələr