AZ

Honq-Konqdakı yaşayış kompleksində baş verən yanğının vurduğu zərər 642 milyon dollar dəyərində qiymətləndirilir

Honq-Konqda azı 160 nəfərin həyatını itirdiyi yaşayış kompleksində baş vermiş güclü yanğının vurduğu maddi zərər 5 milyard Honq-Konq dollarından (642 milyon ABŞ dollarından çox) artıqdır.

APA xəbər verir ki, bu barədə South China Morning Post qəzeti faciədən sonra iqtisadi itkilərin qiymətləndirilməsi ilə məşğul olan ekspertlərə istinadən məlumat yayıb.

Son məlumatlara görə, 26 noyabrda başlayan və 28 noyabrda söndürülən yanğın nəticəsində 1 736 mənzil bütün əşyaları ilə birlikdə tamamilə məhv olub. Nəticədə təxminən 5 min nəfər evsiz qalıb.

Ekspertlərin qeyd etdiyinə görə, ümumi zərər məbləğinə şəhərdə matəm elan olunması səbəbindən ləğv edilmiş bir sıra tədbirlərdən yaranan itkilər daxil deyil. Xüsusilə, Honq-Konq Disneylendi 27 noyabrdan 8 dekabra qədər gündəlik parad və atəşfəşanlığı dayandırıb. 50 min tamaşaçı tutumu olan stadionda dekabrın 20-nə planlaşdırılan məşhur müğənni Karen Mokun konserti ləğv edilib. Restoranlar və ictimai iaşə müəssisələri də çoxsaylı tədbirlərin təxirə salındığını bildiriblər. Honq-Konq Otel Sahibləri Federasiyası qəzetə açıqlamasında otel sektorunun da çoxsaylı sifarişlərin ləğvi və təxirə salınması ilə üzləşdiyini bildirib.

Qeyd edək ki, yanğın Honq-Konqun Yeni Ərazilər adlanan Tay Po rayonunda yerləşən Wang Fuk Court yaşayış kompleksindəki səkkiz hündürmərtəbəli binadan yeddisini əhatə edib. Alov bu binalarda kosmetik təmir işləri üçün quraşdırılmış tikinti torları və bambuk iskeleləri boyunca yayılıb. Kompleksdə ümumilikdə təxminən 2 min mənzil mövcuddur. Yanğın nəticəsində Honq-Konqda Rusiya vətəndaşlarının xəsarət alması ilə bağlı məlumat daxil olmayıb. Daha əvvəl TASS-a açıqlama verən Rusiyanın Honq-Konqdakı Baş Konsulluğunun mətbuat katibi, konsul Yekaterina Boquçarskaya bildirib ki, rusiyalı diplomatlar vəziyyəti diqqətlə izləyirlər.

Seçilən
52
1
apa.az

2Mənbələr