Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi (Yaradıcı Mərkəz), Türk Animasiya Assosiasiyası (ATA) və Özbəkistan Yaradıcı Assosiasiyası arasında animasiya və oyun sənayesinin inkişafına dair üçtərəfli anlaşma memorandumu imzalanıb.
Memorandum Azərbaycan və Özbəkistanın yaradıcı sektorlarının inkişafı üçün mühüm strateji addım hesab olunur.
Sənədin məqsədi animasiya və oyun sənayesi sahələrində yeni imkanlar yaratmaq, mütəxəssis hazırlığına dəstək vermək, birgə layihələrin icrası və regionda yaradıcı sənayelərin davamlı inkişafını təşviq etməkdir.
Memoranduma əsasən, tərəflər birgə animasiya və oyun layihələrinin hazırlanması, təlim və mentorluq proqramlarının təşkili, gənc istedadların inkişafı, həmçinin regional və beynəlxalq səviyyədə yaradıcı əməkdaşlığın genişləndirilməsi istiqamətlərində fəaliyyət göstərəcəklər.
Bu əməkdaşlıq gənc istedadların inkişafına, animasiya və oyun sənayelərində yeni layihələrin ortaya çıxmasına və Azərbaycan-Özbəkistan arasında yaradıcılıq sahələri üzrə münasibətlərin genişlənməsinə mühüm töhfə verəcək.
Memorandum üç il müddətinə nəzərdə tutulur və tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilər.
Bu tərəfdaşlıq regionun yaradıcı sənayələrində yeni ekosistemin formalaşmasına ciddi stimul verəcək.