Dekabrın 10-12-də Romada Mədəni Mülkiyyətin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) Baş Assambleyasının 34-cü sessiyası keçirilib.
Azərbaycanın İtaliyadakı Səfirliyindən verilən məlumata görə, ölkəmizi sessiyada Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyevanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Açılış sessiyasında Səbinə Hacıyeva milli bəyanatla çıxış edərək Azərbaycanın ICCROM-la əməkdaşlığını, ölkəmizin UNESCO-nun Dünya İrs Siyahısında yer alan nümunələrini və mədəni irsin qorunması sahəsində görülən işləri diqqətə çatdırıb. O, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və monitorinq prosesləri, aşkar edilən dağıntılar və təhlükəsizlik riskləri səbəbindən inventarlaşdırılması gecikən abidələr barədə məlumat verib.
Bildirilib ki, Dünya İrsinin İlkin Siyahısına “Azıx və Tağlar mağara düşərgələri”, “Xudafərin körpüləri”, “Qədim Qəbələ şəhəri”, “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” kimi nominasiyalar daxil edilib və Azərbaycan mədəni irsin qorunması sahəsində beynəlxalq əməkdaşlığa sadiqdir.
Sessiya çərçivəsində Səbinə Hacıyeva “Mədəniyyət-İqlim bağı: itkin əlaqə” adlı tədbirdə (11 dekabr) də çıxış edib. O, Azərbaycanın iqlim siyasətində mədəniyyətin rolundan, istixana qazı tullantılarının azaldılması və bərpaolunan enerji hədəflərindən, eləcə də COP29 çərçivəsində irəli sürülən “İqlim üçün Mədəniyyət” təşəbbüsündən bəhs edib.
Dövlət Xidmətinin rəisi həmçinin ICCROM-un baş direktoru Aruna Françeska Mariya Qucral ilə görüşdə birgə layihələrin perspektivlərini müzakirə edib.
Baş Assambleyada ICCROM-un maliyyə vəziyyəti, 2026–2027-ci illər üzrə iş və büdcə proqramı, təşkilatın strateji fəaliyyət istiqamətləri müzakirə olunub.