Gələn həftə ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərovun “Kontakt Home” mağazalar şəbəkəsinə qarşı iddiası əsasında məhkəmə prosesi başlayacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ü.Cəfərov özü məlumat yayıb. O bildirib ki, “Kontakt Home” mağazalar şəbəkəsinin müştərilərini necə aldatdığı, fırıldaqçılıqla məşğul olması haqda bundan əvvəl açıqlama verib.
“Bu mağazalar şəbəkəsi həqiqətən də ölkənin hüquq-mühafizə orqanları tərəfindən dərindən yoxlanılmalı və onlara qarşı qanunlar çərçivəsində ən ciddi tədbirlər həyata keçirilməlidir. Öz tərəfimdən söz vermişdim ki, bu fırıldaqçılığı ifşa etmək üçün məhkəmə müstəvisində addımlar atacağam.
Nəhayət ki, gələn həftə, dekabrın 19-da saat 11.20-də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində hakim Səidə Məmmədovanın sədrliyi ilə prosesə start veriləcək.
Əvvala, media nümayəndələrini və bu fırıldaqçılardan əziyyət çəkmiş, maddi və mənəvi itkilər yaşamış hər kəsi bu məhkəmə prosesinə dəvət edirəm.
Sizə söz verirəm ki, bu prosesi hətta lazım olarsa Avropa İnsan Hüquqları Məhkəməsinə kimi aparacağam… Haram və oğru pullarla özlərinə bank və şirkətlər açmış bəzi məmur və oğru yığnağı elə düşünməməlidir ki, biz onların cinayət əməllərinə susub, onları yedizdirib-içizdirəcəyik.
Hesab edirəm ki, “Kontakt Home” mağazalar şəbəkəsi və onun başında duran bəzi şəxslər də qanun qarşısında cavab verməli, məsuliyyətə cəlb edilməlidirlər”.