AZ

“Belə qırmızı vərəqəni ancaq biz ala bilərdik” – Kaxaber Sxadadze

Misli premyer-liqasının 15-ci turunda “Qəbələ” səfərdə “Kəpəz”ə məğlub oldu - 1:0. “Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların baş məşqçisi Kaxaber Sxadadze media önünə çıxıb.
- “Kəpəz”i təbrik edirəm. Belə qırmızı vərəqəni ancaq biz ala bilərdik. Birmənalı şəkildə pis oynadıq. Murad da yox idi. Bu oyundan nəticə çıxarmalıyıq.
- Aşağı hədəflə necə yüksək nəticə əldə etmək olar?
- Reallıqdan qaçmaq lazım deyil. Hədəfimiz ilk gündən elitada qalmaq idi. Ağılsız adam deyiləm. Reallığa baxıram. Avrokuboklara getməyimizi gözləməyin.
- Sanqare “Zirə” ilə oyunda penalti qaçırmışdı. İndi də qırmızı vərəqə aldı. Qış fasiləsində bu futbolçu haqda nə düşünəcəksiz?
- Legioner gətirmək üçün 5 şansımız var. Sanqare çox səhvlər edir. Amma mübarizə aparmalıyıq.
- Səlahət də inamsız idi. Sanki rəqabətsizlikdən əziyyət çəkir.
- Bu barədə danışmışdıq. Bütün mövqedə rəqabət olmalıdı. Rəqabət olmayan yerdə inkişaf da olmur.
- Komandanız ikinci dəfədi heç nədən qırmızı vərəqə alır. Sanki təcrübəsizlikdən əlavə intizamsızlıq da var.
- Bu intizamsızlıq deyil. Topa düzgün getmədi. Bu da keyfiyyətdən irəli gəlir.
- “Qəbələ”nin meydançası ölkənin ən yaxşı meydançalarındandı. Bu amil oyununuza təsir etdi?
- Top itkisi çox oldu. Amma futbol oynamaq olar. Şamaxıda, ümumiyyətlə, top getmir. Ötən mövsüm Binədə oynamışdıq. Orda da yaxşıdı.
- Qapıçıdan başqa hansı mövqeyə transfer olacaq? Çempionatımızda bəyəndiyiniz futbolçular var?
- Bu klubdaxili məsələdi. Açıqlaya bilmərik.
- Müxtəlif klublarda işləmisiz. Ən çətin dönəminiz “Qəbələ”di deyə bilərik?
- Əlbəttə. Mübarizə aparmalıyıq. Bu oyuna köklənə bilməmişdik. Bəzi futbolçular iki qələbə qazandıq deyə psixoloji cəhətdən köklənə bilmədi.
MÜZƏFFƏR QULUZADƏ

Seçilən
131
football-plus.az

1Mənbələr