
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman "Barselona"nı almaqda maraqlı olduğunu bildirib.
Bu barədə "El Chiringuito"nun jurnalisti Fransua Qallardo sosial media səhifəsində məlumat verib.
"Məhəmməd bin Salman tezliklə alış təklifi verməyə hazırlaşır. Müqavilənin dəyəri 10 milyard avro ola bilər" deyə Qallardo qeyd edib.
"Goal"a görə, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu "Barselona"nın alışını maliyyələşdirə bilər. Klubun hazırda 2,5 milyard avro borcu var.
Qeyd edək ki, Məhəmməd bin Salman Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun rəhbəridir. 2021-ci ildə fond İngiltərənin "Nyukasl Yunayted" klubunu satın alıb və vəliəhd şahzadə klubun nominal sahibi olub.
Xatırladaq ki, 1899-cu ildə qurulan "Barselona" İspaniyanın ən çox mükafat qazanan klubudur.
"Forbes"ə görə, "Barselona" dünyanın ən dəyərli beş futbol klubundan biridir və dəyəri 5,6 milyard dollardır.