DPA: Almaniya kansleri görüşdə yalnız qısa salamlaşma ilə kifayətlənib...
Almaniya kansleri Fridrix Merts Berlində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqlarda iştirakını erkən mərhələdə dayandırıb.
Poliqon xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya hökumətindəki mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Ukrayna üzrə nizamlanma məsələlərinə həsr olunmuş görüş federal kanslerin idarəsində keçirilib. Danışıqlarda ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff, Trampın kürəkəni Cared Kuşner və Ukrayna prezidenti Volodimir Zelenski iştirak edib. Agentliyin bildirdiyinə görə, Merts danışıqların yalnız başlanğıc mərhələsində zalda olub, tərəfləri qısa şəkildə salamladıqdan sonra iclası tərk edib. Bundan sonra müzakirələr kanslerin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Günter Zautterin moderatorluğu ilə davam etdirilib.
Fridrix Merts isə “X” sosial şəbəkəsində nümayəndə heyətlərinin görüşündən video paylaşaraq Almaniyanın Ukraynada davamlı və möhkəm sülhün əldə olunacağına ümid etdiyini bildirib. O vurğulayıb ki, qarşıda çətin və həssas məsələlərin müzakirəsi dayanır, lakin Almaniya prosesi irəli aparmağa hazırdır.
Vaşinqton və Kiyev nümayəndə heyətləri Berlində ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə sülh planını müzakirə etmək üçün bir araya gəliblər. Ukrayna lideri Volodimir Zelenski planın əsas bəndlərindən birini daha əvvəl açıq şəkildə rədd etsə də, buna baxmayaraq, konstruktiv danışıqlara ümid etdiyini bəyan edib. Rusiya tərəfi isə sənədin yenilənmiş variantının Moskva üçün məqbul olacağına şübhə ilə yanaşır.
Poliqon.info