AZ

Samirə Əfəndidən sonra daha bir “erməni qucaqlaması” Bu dəfə əks reaksiya gördük

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son günlər beynəlxalq musiqi yarışmaları Azərbaycan–Ermənistan münasibətləri kontekstində müzakirə mövzusuna çevrilib. Belə ki, 13 dekabrda Tbilisidə keçirilən Uşaq Avroviziyası müsabiqəsində Azərbaycanın Ermənistana 3 xal verməsi, Ermənistanın isə Azərbaycana bir xal belə verməməsi diqqət çəkib.

Bu fonda daha əvvəl Qazaxıstanda keçirilən “Silkway Star” müsabiqəsində Azərbaycanın “Avroviziya-2021” təmsilçisi Samirə Əfəndinin münsif qismində erməni ifaçını qucaqlaması və ona ən yüksək – 12 xal verməsi ölkə ictimaiyyətində ciddi etirazlara səbəb olmuşdu.

Elnarə Abdullayeva

Globalinfo.az-a danışan əməkdar artist, xanəndə Elnarə Abdullayeva məsələyə sərt reaksiya verib:

“Ermənistan tərəfi bal verməməklə bizə yaxşı edir. Biz hələ də ayılmamışıq. Düşmən  düşməndir. Tez yumşalırıq. Biri ermənini öpür, biri qucaqlayır, guya sülhməramlıdırlar”.

Əməkdar artist, müğənni Firuzə İbadova isə qeyd edib ki, musiqinin və incəsənətin siyasətlə birbaşa əlaqəsi yoxdur:

“Lakin təəssüf ki, son zamanlar belə yarışmalarda xalqımızın hələ də unutmadığı faciələr gözardı edilir. Halbuki anaların göz yaşları hələ qurumayıb. Bu reallıqları unutmaq mümkün deyil və unutmaq da olmaz. Bir ana öz övladını torpağa veribsə, həmin xalqın nümayəndəsi olaraq çıxış edən birinin erməni iştirakçıya bal verməsi, onu qucaqlaması, səmimi şəkildə təbrik etməsi nə dərəcədə doğrudur? Bu, düzgün və məqbul addım deyil.

Qarşı tərəf Azərbaycana heç bir xal da ayırmayıb. Bu, onu göstərir ki, münasibətdə dəyişiklik yoxdur və düşmənçilik mövqeyi saxlanılır. Mən siyasətçi deyiləm və siyasətə qarışmaq niyyətim yoxdur. Amma 50 ildən artıq ömrünü səhnəyə, Azərbaycan mədəniyyətinə həsr edən bir sənət adamı və Azərbaycan vətəndaşı kimi deyə bilərəm ki, belə vəziyyətdə heç bir bal da verməzdim. İstedad nə qədər yüksək olsa belə, bu addımı atmazdım. Bizə qiymət verilmirsə, biz də qarşı tərəfə qiymət verməməliyik”.

Firuzə İbadova

F.İbadova qeyd edib ki, əgər qarşı tərəfdən ən azı simvolik də olsa bir xal verilsəydi, bunu siyasətdən kənar qiymətləndirmək olardı:

“Amma baş verənlər onların hələ də mövqelərini dəyişmədiyini göstərir. Onlar bizi düşmən kimi görürlər və bunu açıq şəkildə nümayiş etdirirlər. Mənim mövqeyim qətidir. Xalqımıza qarşı bu qədər ağır cinayətlər törədən, anaları ağlar, qadınları dul, uşaqları yetim qoyan tərəfə bal vermək düzgün deyil. Bu yanaşmanı qəbul etmir və açıq şəkildə pisləyirəm. Mən verilən 3 xalın da, 12 xalın da əleyhinəyəm”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
55
globalinfo.az

1Mənbələr