AZ

İŞİD terror təşkilatının mühasibi və qardaşı ilə bağlı qərar açıqlandı

Ali Məhkəmədə İŞİD terror təşkilatının üzvü kimi terrorçuluğun maliyyələşdirilməsi cinayət əməllərini törətməkdə təqsirləndirilən Mircəlal Salahov və onun qardaşı Mircavad Salahovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər biri 10 il 6 ay müddətinə azadlıqdan mərhum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.


Qeyd: Rəsmi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Salahov Mircavad Seyidağa oğlu “İŞİD” terror təşkilatının üzvü kimi terrorçuluğun maliyyələşdirilməsi cinayət əməllərini törətməkdə şübhəli bilinərək saxlanılıb.


Belə ki, Mircavad Salahov Suriyanın Raqqa şəhərində “İŞİD” terror təşkilatının sıralarına qoşularaq xüsusi təlim düşərgəsinə göndərilib, döyüş təlimlərində iştirak etməklə odlu silahdan istifadə qaydalarına yiyələnib. Daha sonra o, “İŞİD” terror təşkilatında mühasib kimi fəaliyyətə başlayıb, bu müddət ərzində silahlı münaqişələrdə iştirak edən həmin terror təşkilatının üzvlərinə və onların ailələrinə aylıq pul vəsaitləri və ərzaq təminatının verilməsi, silahlı münaqişələr zamanı yaralanmış bu təşkilatın üzvlərinə və həlak olmuş şəxslərin ailələrinə maddi yardımların ayrılması işinin təşkili istiqamətində fəaliyyət göstərib, cinayət məsuliyyətindən yayınmaq məqsədilə bir müddət digər ölkələrdə gizlənib.


Müəyyən edilib ki, Mircavad Salahov “İŞİD” terror təşkilatına qardaşı Mircəlal Salahov tərəfindən cəlb olunub. Mircəlal Salahov sözügedən terror təşkilatının Suriyada apardığı hərbi əməliyyatlarda iştirak edərək yaralanıb.
 

Mircavad Salahov Azərbaycan Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmə), Mircəlal Salahov Cinayət Məcəlləsinin 283-1.1 və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrə cəlb etmə və belə silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Kamal Məmmədov 

Tarix: 15 Dekabr 2025, 09:17   
Seçilən
33
21
pravda.az

10Mənbələr