AZ

QHT sədri: “2025-ci il vətəndaş cəmiyyəti üçün institusional yetkinləşmə və beynəlxalq inteqrasiya ili oldu”

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli QHT.az-a açıqlamasında bildirib ki, 2025-ci il Azərbaycan vətəndaş cəmiyyəti, xüsusilə mədəni irsin qorunması və elmi biliklərin ictimai dövriyyəyə çıxarılması baxımından institusional yetkinləşmə, peşəkarlaşma və beynəlxalq inteqrasiya ili kimi yadda qalıb.

Onun sözlərinə görə, bu il qeyri-hökumət təşkilatları yalnız təşəbbüskar deyil, eyni zamanda bilik istehsal edən, təlim verən və siyasətə töhfə yaradan subyektlər kimi çıxış etdiklərini aydın şəkildə nümayiş etdiriblər:

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi üçün 2025-ci il ilk növbədə beynəlxalq elmi əməkdaşlıqların dərinləşməsi ilə xarakterizə olundu. Şimali Makedoniya (Ohrid), Şimali Kipr Türk Respublikası (Girnə), İraq (Kərkük) və Albaniya (Elbasan) kimi ölkələrdə keçirilmiş yüksək səviyyəli beynəlxalq konfrans və simpoziumlar Azərbaycan elminin, mədəni irs yanaşmasının və vətəndaş cəmiyyəti institutlarının qlobal elmi müzakirələrdə fəal iştirakını təmin etdi. Bu tədbirlərin birliyimizin İdarə heyətinin üzvü, görkəmli arxeoloq, professor Qafar Cəbiyevin 75 illik yubileyinə həsr olunması isə elmi ənənə ilə vətəndaş cəmiyyətinin vəhdətini simvolizə etdi".

QHT sədri vurğulayıb ki, 2025-ci il həm də mədəni irsin praktik qorunması və ictimaiyyətə açılması baxımından dönüş nöqtəsi oldu:

"Zərgərpalan tarixi hamamında aparılan arxeoloji tədqiqatlar, konservasiya işləri, infoturlar və təqdimatlar göstərdi ki, vətəndaş cəmiyyəti real məkanda, real abidə üzərində elmi əsaslı fəaliyyət göstərə və bu prosesi ictimai müzakirəyə çıxara bilir. AMEA rəhbərliyinin bu işləri yüksək qiymətləndirməsi görülən fəaliyyətlərin elmi və ictimai legitimliyini bir daha təsdiqlədi. İlin ən mühüm nailiyyətlərindən biri də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Mədəni İrs Beynəlxalq Ustad Məktəbi”nin yaradılması oldu. Bu layihə çərçivəsində ölkənin müxtəlif ali və peşə təhsil müəssisələrində, eləcə də tarixi Zərgərpalan hamamında keçirilən seminarlar, təlimlər və kurslar mədəni irs sahəsində yeni nəsil mütəxəssislərin formalaşmasına, nəzəri biliklə praktik təcrübənin birləşdirilməsinə xidmət etdi. Yerli və beynəlxalq ekspertlərin iştirakı ilə 16 mövzunu əhatə edən kurslar və gələcək üçün planlaşdırılan MOOC-lar vətəndaş cəmiyyətinin artıq təhsil istehsalçısı rolunda çıxış etdiyini göstərdi. Eyni zamanda, “Miras” İctimai Birliyi 2025-ci ildə mədəni irsə sosial, kommunikativ və humanitar yanaşmanı da ön plana çəkdi. Effektiv ünsiyyət bacarıqları üzrə keçirilən təlimlər, mədəni irsin sosiallaşması, cəmiyyət üçün əhəmiyyəti və turizm potensialı ilə bağlı seminarlar sübut etdi ki, mədəni irs yalnız keçmişin qorunması deyil, bugünkü cəmiyyətin inkişafı üçün resursdur".

Fariz Xəlilli ümumilikdə 2025-ci ili vətəndaş cəmiyyəti üçün keyfiyyətcə yeni mərhələyə keçid ili kimi dəyərləndirib. Onun sözlərinə görə, QHT-lər bu il lokal təşəbbüslərdən beynəlxalq platformalara, ayrı-ayrı tədbirlərdən davamlı institusional modellərə doğru inkişaf edib:

“Miras” İctimai Birliyi olaraq hesab edirik ki, 2025-ci ildə əldə olunan təcrübə və nəticələr gələcək illərdə Azərbaycan vətəndaş cəmiyyətinin mədəni irs sahəsində regional və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi üçün etibarlı zəmin yaradıb. 2026-cı ildə “Miras” İctimai Birliyi fəaliyyətini mədəni irsin qorunması sahəsində daha sistemli, rəqəmsal və ictimai iştirakçılığa əsaslanan modellərin formalaşdırılmasına yönəltməyi əsas prioritet kimi müəyyən edib. İlk növbədə, təşkilat mədəni irs obyektlərinin vəziyyətinin ictimai monitorinqi, risklərin erkən müəyyən edilməsi və beynəlxalq diqqətin cəlb olunması istiqamətində fəaliyyətini gücləndirməyi hədəfləyir. Bu çərçivədə mədəni irsin qorunmasına ictimai nəzarət mexanizmlərinin inkişafı və məlumatların açıq, əlçatan formatda təqdim olunması əsas istiqamətlərdən biridir. Digər mühüm prioritet qeyri-maddi mədəni irsin qorunması, ötürülməsi və canlı irs daşıyıcılarının dəstəklənməsidir. Təşkilat bu sahədə ustad–şagird ənənələrinin gücləndirilməsi, bilik və bacarıqların sənədləşdirilməsi, həmçinin mədəni irsin cəmiyyətə daha geniş şəkildə təqdim olunması üzərində fokuslanacaq".

Açıqlamada bildirilib ki, 2026-cı ildə “Miras” İctimai Birliyi mədəni irs və tarix sahəsində rəqəmsallaşma və innovativ təhsil alətlərinin tətbiqini də əsas prioritetlərdən biri kimi görür. Xüsusilə gənclər və məktəblilər üçün tarixi biliklərin daha anlaşılan, interaktiv və müasir formatlarda təqdim olunması təşkilatın diqqət mərkəzində olacaq:

"Eyni zamanda, təşkilat beynəlxalq elmi və mədəni əməkdaşlıqların genişləndirilməsi, gənclərin və könüllülərin mədəni irsin qorunmasına daha fəal cəlb edilməsi, eləcə də vətəndaş cəmiyyətinin bu sahədə bilgi istehsal edən və maarifləndirici rolunun gücləndirilməsini 2026-cı ilin əsas strateji hədəfləri sırasında görür."

 

Pərvanə Fərhadqızı

Seçilən
102
qht.az

1Mənbələr