AZ

Məhəmməd Bayramov: Gələcəkdə süni intellektin memarlıqda tətbiqi daha da genişlənəcək

Bakı,15 dekabr, AZƏRTAC

Artıq bu gün dünyada süni intellekt iqtisadiyyatda və digər sahələrdə müxtəlif peşə sahiblərini əvəz edir. Gələcəkdə memarlıqda süni intellektin tətbiqi mümkündürmü?

Məsələyə aydınlıq gətirən memar Məhəmməd Bayramov AZƏRTAC-a açıqlamasında bildirib ki, bu gün süni intellekt iqtisadiyyat, səhiyyə, təhsil və digər sahələrdə insan fəaliyyətini dəstəkləyən və bəzən əvəz edən texnologiya kimi sürətlə inkişaf edir. Memarlıq sahəsində də süni intellektin tətbiqi artıq mümkündür və gələcəkdə daha geniş yayılması gözlənilir:” Süni intellekt memarlıqda layihələndirmə, vizuallaşdırma, enerji səmərəliliyi analizi, struktur optimallaşdırılması, tikinti proseslərinin idarə olunması və risklərin qiymətləndirilməsi kimi sahələrdə effektiv dəstək verir. Məsələn, avtomatlaşdırılmış dizayn sistemləri və generativ dizayn texnologiyaları memarların yaradıcılıq potensialını artırmaqla yanaşı, daha sürətli və səmərəli layihələr hazırlamağa imkan yaradır”.

M.Bayramov qeyd edib ki, gələcəkdə süni intellektin memarlıqda tətbiqi daha da genişlənəcək, xüsusilə “ağıllı” binalar, enerji effektivliyi, yaşıl tikinti və sistem inteqrasiyası sahələrində innovativ həllər təqdim edəcək. Beləliklə, süni intellekt memarlıq peşəsini tam əvəz etməsə də, onun fəaliyyətini təkmilləşdirən, qərarvermə proseslərini sürətləndirən və layihələrin keyfiyyətini yüksəldən mühüm vasitəyə çevriləcək.

 

 

 

 

Seçilən
34
azertag.az

1Mənbələr