AZ

Dünya Türk Dili Ailəsi Gününün qeyd edilməsi türk dillərinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır

Newscenter.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

15 dekabr – Dünya Türk Dili Ailəsi Günü (World Turkic Language Family Day) türk dünyasının mədəni, tarixi və mənəvi birliyini simvolizə edən əlamətdar bir gündür. Bu günün təsis edilməsi UNESCO-nun 43-cü Baş Konfransında, qədim və zəngin tarixə malik Səmərqənd şəhərində (Özbəkistan) qəbul edilən qərarla rəsmiləşdirilib. Bu faktın özü belə türk dillərinin bəşəri mədəniyyət üçün nə qədər böyük əhəmiyyət daşıdığını açıq şəkildə göstərir.Türk dili ailəsi minilliklər boyu formalaşmış, geniş coğrafiyaya yayılmış, zəngin ədəbiyyatı, folkloru, fəlsəfəsi və dövlətçilik ənənələri ilə dünya mədəniyyətinə mühüm töhfələr vermişdir. Bu dillər yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda türk xalqlarının yaddaşı, kimliyi, dünyagörüşü və ortaq taleyinin daşıyıcısıdır. Altaylardan Balkanlara, Sibirdən Orta Asiyaya qədər uzanan bu dil ailəsi tarix boyu xalqları bir-birinə bağlayan güclü bir körpü rolunu oynayıb.Dünya Türk Dili Ailəsi Gününün qeyd edilməsi, türk dillərinin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qloballaşma şəraitində milli dillərin zəiflədiyi bir dövrdə bu cür beynəlxalq təşəbbüslər dilimizin yaşadılması, elmi tədqiqatların genişləndirilməsi və türk xalqları arasında mədəni əməkdaşlığın gücləndirilməsi üçün mühüm stimul yaradır.Bu gün bizə bir daha xatırladır ki, dil millətin varlığıdır. Türk dillərinin hər biri ortaq kökdən qidalanan, lakin özünəməxsus zənginliyi olan böyük bir mədəni ailənin üzvləridir. Bu ailənin qorunması isə hər bir türk xalqının, hər bir ziyalının, hər bir vətəndaşın mənəvi borcudur.Dünya Türk Dili Ailəsi Günü münasibətilə bütün türk xalqlarını təbrik edir, dilimizin, mədəniyyətimizin və ortaq dəyərlərimizin daim yaşamasını arzulayıram.Əli İbrahimov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
59
1
newscenter.az

2Mənbələr