“Nar Mobile” istifadəçisi mobil operatorun onun razılığı olmadan pullu xidmətə qoşduğunu və aylıq abunə haqqının avtomatik şəkildə balansdan silindiyini iddia edir. Müştərinin sözlərinə görə, bu xidmətlə bağlı nə SMS bildirişi göndərilib, nə də “Nar Mobile”in rəsmi mobil tətbiqində hər hansı məlumat və ya xəbərdarlıq yer alıb.
Avtosfer.az xəbər verir ki, vətəndaş öz şikayətində bir müddət vəziyyəti müşahidə etdikdən sonra məsələni araşdırmağa başladığını qeyd edib. Yoxlama zamanı məlum olub ki, hesabından hər ay müəyyən məbləğdə abunə haqqı tutulur. Lakin bu ödənişin hansı xidmətə aid olduğu, nə vaxt və hansı əsasla aktiv edildiyi ilə bağlı istifadəçiyə heç bir açıq informasiya təqdim edilməyib. Müştəri məsələni aydınlaşdırmaq üçün Nar Mobile-in onlayn çat xidmətinə müraciət edib. Onun iddiasına görə, operator nümayəndələri bu xidmətin şirkət tərəfindən aktiv edildiyini bildiriblər. Daha da diqqətçəkən məqam isə odur ki, müştəriyə xidmətin deaktiv edilməsinin mümkün olmadığı deyilib. Şikayətçinin sözlərinə görə, onlayn çatda “biz qərar vermişik ki, sizi bu xidmətə qoşaq” kimi cavablar verilib.
Əgər səslənən iddialar reallığı əks etdirirsə, bu yanaşma istehlakçı hüquqlarının açıq şəkildə pozulmasıdır. Vətəndaşın açıq razılığı olmadan pullu xidmətə qoşulması, ödənişin avtomatik silinməsi və xidmətin ləğv imkanının verilməməsi həm şəffaflıq prinsipinə, həm də mövcud qanunvericiliyə ziddir.
Məsələ ilə bağlı “Nar Mobile”a əlaqə saxlamağa çalışsaq da sorğumuz cavabsız qaldı.
Nurcan Babək
