Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Bakı şəhərinin və paytaxt rayonlarının icra hakimiyyətləri tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib ki, artıq şəhərin parklarının, meydan və küçələrinin bəzədilməsi, burada yeni il atributlarının, işıqlı çilçıraqların və digər dekorativ bəzəklərin quraşdırılması işləri yekunlaşmaq üzrədir.
Ənənəvi olaraq bayram tərtibatı işləri görülən Neftçilər prospekti, Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Xəqani Rüstəmov, mərkəzi bulvar küçələri, Xəqani bağı, Azərbaycan prospekti və bir sıra digər ərazilər də bayram üçün xüsusi zövqlə bəzədilir.
“Azneft” dairəsində yeni il şam ağacı kompleksi qurulub, həm şəhər sakinləri, həm də turistlər üçün möhtəşəm və yaddaqalan görüntü yaranır. Həmçinin Mərkəzi park və metronun “Gənclik” stansiyası yaxınlığındakı keçmiş “Antena” sahəsi kimi tanınan parklarda da bəzədilmiş şam ağacları quraşdırılır. Bundan əlavə, paytaxt rayonlarının bir çox küçələrində də bayramla bağlı tərtibat işləri görülüb.
Bu hazırlıqlar yalnız bayram əhval-ruhiyyəsinin yaradılması ilə kifayətlənmir, eyni zamanda, Bakı şəhərinin estetik gözəlliyini, müasir simasını və mədəni zənginliyini bir daha nümayiş etdirir.