Xəbər verdiyimiz kimi, BMT ilk dəfə bu gün Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək.
Redaktor.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu bildirdi ki, Azərbaycanın təşəbbüskarlığı ilə bir çox türkdilli ölkələr BMT-yə müraciət edərək Dünya Türk Dilli Ailəsi Gününün xüsusi gün kimi qəbul edilməsini təmin edib.
"Bu hadisə türk dilinin dünyada ən çox danışılan dillərdən biri olduğunu bir daha vurğulayır. Hal-hazırda 150 milyondan çox insan türk dilində danışır. Əgər Fin-Uqor dil ailəsi kontekstində bu məsələyə yanaşsaq, o zaman türk dillərinin daşıyıcılarının sayı 500 milyondan çox ola bilər. Biz bu böyük dilin daşıyıcıları olduğumuzla qürur duyuruq, çünki türk dili əcdadlarımızdan bizə miras qalan və zəngin bir mədəniyyətin təcəssümüdür. Bu gün türk dillərinin işlənməsi həm beynəlxalq, həm də milli səviyyədə daha intensiv və dərin şəkildə inkişaf edir. Çünki türk dilində danışan xalqların böyük əksəriyyətinin artıq öz milli dövlətləri mövcuddur. Bu isə türk dilinin tarixində yeni bir intibah dövrünün başlanğıcı kimi qiymətləndirilə bilər. Azərbaycanda dilimizin inkişafı istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilir. Məsələn, Azərbaycan Respublikasının Prezidenti 1 oktyabrda Milli Elmlər Akademiyasının yubileyində çıxış edərkən bir daha dilimizin inkişafı məsələlərinə toxunaraq qeyd etdi ki, yalnız Azərbaycan dilində, Azərbaycan türkçəsində dünyada 50 milyondan çox insan danışır. Bu baxımdan, Dünya Türk Dilli Gününün xüsusi gün kimi qeyd olunması həm bayram, həm də dilimizin inkişafı üçün yeni imkanların yaranması və bu inkişafa töhfələrin verilməsi baxımından əhəmiyyətlidir", - deyə deputat yekunlaşdırdı.
Xədicə BAXIŞLI