AZ

“Dünya Türk Dili Ailəsi Günü türk xalqlarının ortaq kimliyinə çağırışdır” - Əməkdar jurnalist

Əməkdar jurnalist Mətanət Ağamirli 15 dekabr – Dünya Türk Dili Ailəsi Günü ilə bağlı açıqlama verib.

O bildirib ki, 15 dekabr türk dünyasının ortaq dəyəri olan mühüm bir tarixdir və bu günün “Dünya Türk Dili Ailəsi Günü” kimi beynəlxalq səviyyədə elan edilməsi türk dilli xalqlar üçün həm tarixi, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır:

"Bu tarixin  "Dünya Türk Dili Ailəsi Günü” kimi beynəlxalq səviyyədə elan edilməsi türk dilli xalqlar üçün mühüm tarixi və mənəvi əhəmiyyət daşıyır. Bu qərar təkcə dil faktorunun önəmini deyil, eyni zamanda türk xalqlarını birləşdirən ortaq mədəni, tarixi və ictimai-siyasi bağların gücləndirilməsinə yönəlmiş ciddi bir çağırışdır. UNESCO çərçivəsində qəbul olunan bu təşəbbüs türk dil ailəsinin qlobal mədəni irsdə tutduğu yeri bir daha təsdiqləyir və onun qorunaraq gələcək nəsillərə ötürülməsinin vacibliyini ön plana çıxarır.

Türk dili əsrlər boyu geniş coğrafiyada yaşayan xalqların dünyagörüşünü, mənəvi dəyərlərini və həyat fəlsəfəsini özündə əks etdirən əsas sütun olmuşdur. Orta Asiyadan Qafqaza, Anadoludan Sibirə qədər uzanan, dünyanın ən müxtəlif bölgələrində var olan  bu böyük dil ailəsi fərqli dialekt və şivələrə malik olsa da, mahiyyət etibarilə ortaq kökdən qidalanır. Dil birliyi təkcə ünsiyyət vasitəsi deyil, həm də milli yaddaşın, tarixi şüurun və kimlik hissinin qorunmasının əsas təminatıdır. Məhz bu baxımdan “Dünya Türk Dili Ailəsi Günü”nün təsis edilməsi türk xalqları arasında dilə münasibətdə daha məsuliyyətli və sistemli yanaşmanın formalaşmasına xidmət edir".

Əməkdar jurnalist vurğulayıb ki, müasir dövrdə türk dilli xalqlar arasında ictimai-siyasi əməkdaşlıq getdikcə daha strateji xarakter alır. Türk Dövlətləri Təşkilatının fəaliyyəti bu əməkdaşlığın artıq institusional əsaslar üzərində qurulduğunu açıq şəkildə göstərir:

"Təhsil, mədəniyyət, iqtisadiyyat, enerji təhlükəsizliyi və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələr ortaq maraqların qorunmasına və regional sabitliyin möhkəmləndirilməsinə mühüm töhfələr verir. Bu əməkdaşlıq yalnız dövlətlərarası münasibətlərlə məhdudlaşmır, eyni zamanda xalqlar arasında əlaqələrin genişlənçəsinə, qarşılıqlı anlaşma və etimadın artmasına zəmin yaradır.

Qeyd etmək lazımdır ki, İctimai-siyasi müstəvidə əməkdaşlıq türk dilli xalqların beynəlxalq arenada mövqelərinin möhkəmlənməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Qlobal çağırışların artdığı, geosiyasi proseslərin sürətlə dəyişdiyi bir zamanda ortaq mövqe nümayiş etdirmək, qarşılıqlı dəstək mexanizmlərini gücləndirmək tarixi zərurətə çevrilir. Türk dövlətlərinin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsi, ortaq bəyanatlar və təşəbbüslərlə çıxış etməsi onların siyasi çəkisini artıran mühüm faktor rolunda çıxış edir. Nəhayət, Əlahəzrət fakt ondan ibarətdir ki, tarix hər zaman bir həqiqəti ortaya qoyub: Türk dünyasının gücü onun birliyindədir. Birliyimiz daimi olsun!" 

Seçilən
100
qht.az

1Mənbələr