"Birləşmiş Millətlər Təşkilatının dekabrın 15-ni Dünya Türk Dili Ailəsi Günü olaraq qeyd etməsi çox əhəmiyyətli bir addımdır və bir çox vacib məqamlara işarə edir. Bu, türk dünyasının bugünkü əməkdaşlığının, birliyinin və inkişafının göstəricisidir. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə, türk dünyası çox böyük bir irəliləyişə imza atıb və bu birlik dünya səhnəsində getdikcə daha da möhkəmlənir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva Birləşmiş Millətlər Təşkilatının (BMT) dekabrın 15-ni Dünya Türk Dili Ailəsi Günü olaraq qeyd etməsindən danışarkən bildirdi.
"Ötən il Milli Məclisdə keçirilən seçkilərdən sonra Prezident İlham Əliyevin parlamentdəki çıxışını xatırlayırıq. O, "bizim ailəmiz türk ailəsidir və bizim getdiyimiz yol da bu yoldur" deyərək, əslində türk dünyası üçün bir yol xəritəsi ortaya qoydu. Bu ifadə təkcə Azərbaycan üçün deyil, bütövlükdə türk dünyası üçün çox əhəmiyyətli bir mesaj idi. "21-ci əsr türk əsridir" deyənlər yanılmayıblar, çünki bu dövrdə türk birliyinin güclənməsi, türk xalqlarının bir araya gəlməsi və beynəlxalq səviyyədə təsirli bir siyasət izləməsi çox vacibdir. Türk birliyi yalnız Azərbaycan və Türkiyə ilə məhdudlaşmır, bu, dünya xəritəsinə yayılmış, kökləri və etnik mənsubiyyəti türk olan xalqların bir araya gəlməsi üçün həyata keçirilən fəaliyyətlər, siyasətlər və əməkdaşlıq nəticəsidir. Türk birliyi, eyni zamanda, dünya sülhü və rifahı üçün bir sığorta rolunu oynayır. Tarix boyu türk xalqları qurucu və yaradıcı olub, bu gün də dünya üçün əminamanlıq və bərabər hüquq istəyərək, həmişə ədalətə tərəfdar çıxıblar".
Millət vəkili qeyd etdi ki, türk dünyasının mədəni birliyi, bu xalqlar arasında həmrəylik və əməkdaşlığın güclənməsi, həmçinin, BMT tərəfindən Dünya Türk Dili Ailəsi Gününün qeyd edilməsi, türk birliyinin daha da möhkəmlənməsinə, dünyada daha geniş və dərin təsir gücünə sahib olmasına gətirib çıxarır.
"Bu günün təsis edilməsi, türk dünyasının gələcəyi üçün çox vacib bir mərhələdir və türk dilinin və mədəniyyətinin qorunması, yayılması üçün atılmış əhəmiyyətli bir addımdır. Bütövlükdə, türk dünyası birliyinin güclənməsi, həm regional, həm də beynəlxalq səviyyədə mühüm bir əhəmiyyət kəsb edir və bu günün qeyd edilməsi, bu əhəmiyyətli prosesin bir hissəsi olaraq, türk xalqlarının bir araya gəlməsini və ortaq dəyərlər üzərində birləşməsini təşviq edir", - deyə Jalə Əliyeva vurğuladı.
Xədicə BAXIŞLI