AZ

Maklerin fırıldağı hiddətləndirdi - Necə bilək ki, "makler evi" alırıq?

Azərbaycanda tikinti sektorunda ən çox müzakirə olunan məsələlərdən biri "makler evləri"nin keyfiyyətidir.

Əksər alıcılar bu tip evlərin keyfiyyətinin çox aşağı olduğunu, tikintidə ucuz və standartlara cavab verməyən materiallardan istifadə edildiyini bildirirlər. Onların sözlərinə görə, belə evlər xarici görünüş baxımından olduqca cəlbedici olur: həyətə tamet döşənir, divarlar boyanır, otaqlar tam təmirli vəziyyətdə təqdim olunur və bu da alıcını ilk baxışdan "özünə aşiq edir".

Digər tərəfdən, "makler evləri"nin bazarda daha ucuz qiymətə təklif edilməsi məhdud büdcə ilə ev almaq istəyənlər üçün onları cazibədar edir. Lakin sonradan bu evləri alıb peşman olan yüzlərlə insan var.

Day.Az xəbər verir ki, son günlər sosial şəbəkələrdə yayılan bir görüntü bəzi maklerlərin sözün əsl mənasında vicdansızlıq etdiyini açıq şəkildə göstərir. Videoda danışan şəxs bildirir ki, ev tikintisi üçün maklerə sifariş verilib, lakin makler artıq təməldən başlayaraq saxtakarlığa yol verib. Belə ki, evin təməlinə beton tökmək əvəzinə, mişar daşlarının üzəri nazik beton qatı ilə örtülüb və elə bir görüntü yaradılıb ki, guya möhkəm beton təməl mövcuddur. Halbuki videoda betonun altından mişar daşlarının açıq-aydın göründüyü müşahidə olunur.

Məlumdur ki, ev tam hazır olduqdan sonra onun təməlinin keyfiyyətini müəyyən etmək üçün xüsusi ekspertiza lazımdır. Lakin maklerdən ev alan alıcıların əksəriyyətinin buna nə maddi imkanı, nə də texniki savadı olur.

Bəs alıcı evə baxış zamanı onun "makler evi" olduğunu necə anlaya bilər?

İlk növbədə tikintinin ümumi xarakterinə diqqət yetirmək lazımdır. Əgər ev çox qısa müddətdə, iki-üç ay ərzində tikilibsə və planlaşdırması digər evlərlə eyni, şablon formadadırsa, bu artıq şübhə yaradır. Belə evlər adətən estetik baxımdan cəlbedici olur, lakin funksionallıq arxa planda qalır. Məqsəd keyfiyyətli və uzunömürlü ev yox, mümkün qədər tez satıla bilən bir tikili ortaya çıxarmaqdır.

Digər mühüm məqam istifadə olunan materialların keyfiyyətidir. Divarların nazik və zəif materialdan tikilməsi, üzərinə vurduqda boş səs gəlməsi, betonun üzərində xırda çatların görünməsi, daşıyıcı sütun və kəmərlərin gözəçarpan olmaması "makler tikilisi" üçün xarakterik əlamətlərdir. Dam örtüyündə ucuz metal materiallardan istifadə olunması, istilik və su izolyasiyasının zəif olması da sonradan ciddi problemlərə yol aça bilər.

Kommunikasiya xətləri də alıcıya çox şey deyir. Elektrik xətlərində nazik tellərdən istifadə edilməsi, paylayıcı qutuda ucuz və nizamsız avtomatların quraşdırılması, su və kanalizasiya borularının keyfiyyətsiz plastikdən olması, evin içində kanalizasiya iyinin hiss olunması bu evlərin əsas problemlərindəndir. Qaz xətlərinin sonradan, səthi və təhlükəsizlik qaydalarına əməl edilmədən çəkilməsi də tez-tez rast gəlinən haldır. Özünə ev tikən adam bu detallara diqqət edir, makler isə çox vaxt xərci minimuma endirməyə çalışır.

"Makler evləri"nin ən tipik xüsusiyyəti isə budur: gözəllik var, amma dərinlik yoxdur. Bahalı təsir bağışlayan laminat döşəmə, asma tavan, dekor daş ilk baxışdan alıcını cəlb edir. Ancaq diqqətlə baxdıqda divarların əyri olduğu, döşəmənin tez boşaldığı, pəncərələrin ucuz və birqat şüşəli olduğu üzə çıxır. Yəni görüntü var, keyfiyyət isə yoxdur.

Satıcının davranışı da çox vaxt hər şeyi açıq şəkildə göstərir. Texniki suallar veriləndə "beton markası nədir", "armatur neçə millimetrdir" kimi məsələlərdən yayınması, "hamısı belə tikilir", "usta elə dedi" kimi qeyri-müəyyən cavablar verməsi və alıcını tələsdirməsi ciddi siqnaldır. Üstəlik, sənədlərlə bağlı problemlər də "makler evi" ehtimalını artırır: torpağın pay torpağı olması, çıxarışın olmaması və ya "sonra olacaq" deyilməsi, tikinti icazəsi və layihənin təqdim edilməməsi çox vaxt məsuliyyətin alıcının üzərinə atıldığını göstərir.

Nəticə etibarilə, evin vitrin kimi parlaq görünməsi alıcını aldatmamalıdır. Divara döyüb səsinə qulaq asmaq, rozetkanı açıb tellərə baxmaq, sanitar qovşağında suyu axıdıb qoxuya diqqət etmək, qapı-pəncərələrin kip bağlanıb-bağlanmadığını yoxlamaq və qonşulardan evin kim tərəfindən tikildiyini soruşmaq belə ilkin baxış zamanı çox şeyi üzə çıxara bilər.

Elxan Əliyev
Day.Az

Seçilən
70
28
day.az

10Mənbələr