
“Rusiyanın Cənubi Qafqazdakı əsas marağı regionda sülh və inkişafdır. Moskva regionda sabitlik və rifah istəyir ki, potensialını ortaya çıxarmaq və mehriban qonşuluq münasibətlərini gücləndirmək üçün region ölkələri ilə əməkdaşlıq edə bilsin”.
Missiya.Az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin deyib.
"Rusiyanın Cənubi Qafqazdakı maraqları sarsılmazdır. Bizim əsas narahatlığımızorada sabitlik və rifah zonasını qorumaqdır ki, region ölkələri ilə əməkdaşlıq edərək onun potensialını ortaya çıxaraq və mehriban qonşuluq münasibətlərini gücləndirək. Rusiyanın əsas marağı Cənubi Qafqazda sülh və inkişafdır, həmçinin onun xaosa çevrilməsinin qarşısını almaqdır", - deyə siyasətçi vurğulayıb.
Kaluqin bildirib ki, bizi Cənubi Qafqaz xalqları ilə əsrlər boyu davam edən dostluq, ortaq tarixin şanlı səhifələri, sivilizasiya yaxınlığı və milyonlarla ailə və qohumluq əlaqələri birləşdirir:
“Uzun müddətdir ki, biz bir dövlətin tərkibində yaşayırıq. Bir vaxtlar Rusiya ilə yaxınlaşma region xalqlarına öz kimliklərini qorumağa imkan verib. Cənubi Qafqaz respublikalarının dövlət təməllərinin formalaşması Sovet dövründə baş verib”, - deyə siyasətçi əlavə edib.
Kluqin həmçinin Rusiya ilə Qafqaz ölkələri arasındakı unikal münasibətlərin zaman və xarici təzyiqdən təsirlənmədiyinə və regiondakı hadisələrin həmişə Rusiyanın xarici və daxili təhlükəsizlik maraqlarına və iqtisadiyyatına birbaşa təsir göstərdiyinə inandığını bəyan edib.
Rusiyalı diplomat Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə toxunaraq qeyd edib:
"Bu gün Bakı və İrəvan əsasən vasitəçilər olmadan birbaşa dialoq aparırlar. İki ölkənin xarici işlər nazirləri Azərbaycan ilə Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin mətnini paraflayıblar. Rusiya tərəfinin və şəxsən Rusiya Prezidenti Vladimir Putinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə verdiyi töhfəni nəzərə alaraq, yekun sənədi imzalamaq üçün tərəfdaşlarımızı platformamızda qəbul etməkdən məmnun olarıq", - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az